...

Rəsmi Tehran dolların məzənnəsinin qalxmasında maraqlıdır – ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 12:47 (UTC +04:00)
İki gün ərzində (28 və 29 sentyabr) İranda dolların məzənnəsi 20,98 faiz bahalaşıb. ILNA agentliyinin məlumatına görə, çərşənbə günü valyuta bazarında bir ABŞ dolları 12 400 riala (İranın milli valyutası) bərabər olub. Bundan əvvəl məzənnə bir dollara görə 10 250 rial olub.
Rəsmi Tehran dolların məzənnəsinin qalxmasında maraqlıdır – ekspertlər

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir D.Xatınoğlu/

İki gün ərzində (28 və 29 sentyabr) İranda dolların məzənnəsi 20,98 faiz bahalaşıb. ILNA agentliyinin məlumatına görə, çərşənbə günü valyuta bazarında bir ABŞ dolları 12 400 riala (İranın milli valyutası) bərabər olub. Bundan əvvəl məzənnə bir dollara görə 10 250 rial olub.

İran Mərkəzi Bankının keçmiş məsləhətçisi Bijan Bidabadi Trend-ə bildirib ki, hökumətin İranda subsidiyalaşdırmanı dayandırması və subsidiyalar üçün ayrılmış vəsaitlərin bir qisminin əhalinin bank hesabına keçirilməsi üçün külli miqdarda milli valyuta bazara buraxılmalıdır. Beləliklə, ölkədə inflyasiyanın artması, milli valyutanın dəyərinin azalması və xarici valyutaların bahalaşması gözlənilir.

Bidabadinin sözlərinə görə, İranda milli valyutanın məzənnəsinin ucuzlaşması ehtimalı valyuta bazarında ABŞ valyutasına və milli valyutanın dollra çevrilməsinə tələbi artırır. "Valyuta bazarında dollar qıtlığı yaranıb və dolların məzənnəsinin bahalaşmasına gətirib çıxarıb", - məsləhətçi hesab edir.

İran hakimiyyəti enerji və bəzi ərzaq məhsullarına ayırdığı subsidiyaları ləğv etmək niyyətindədir. Hazırda gün ərzində 63 milyon litr benzin istehlakı olan İran benzinin satışına müəyyən limitlər qoyub. Subsidiyalı bir litr benzinin qiyməti 10 sent, azad satışda isə 40 sentdir. Rəsmi Tehran benzin subsidiyasının ləğvi ilə benzinin bir litrini 50-60 sentə satmaq niyyətindədir. Bundan əlavə, hökumət çörək, elektrik, su və qazın qiymətini real qiymətlərə yaxınlaşdırmaq üçün bu sahədəki subsidyaları aradan qaldırmaq istəyir.

ABŞ-da yaşayan digər iranlı ekspert, "Northeastern" universitetinin iqtisadiyyat üzrə professoru Kamran Dadxah isə hesab edir ki, subsidiyaların aradan qaldırılması ilə yanaşı, İranın qızıl bazarında vergilərlə bağlı baş verən tətillər də dolların məzənnəsinə təsir edib. Hakimiyyətin bir neçə ay bundan əvvəl qızıl bazarında vergilərin artırılması planı barədə məlumat yayılıb. Ötən həftədən etibarən Tehran və bəzi şəhərlərdə qızıl biznesi ilə məşğul olanların çoxu etiraz əlaməti kimi işlərini müvəqqəti dayandıraraq tətil ediblər.

Ekspertlərin fikrincə, sanksiyalar, subsidaların ləğvi və qızıl bazarında yaranmış gərginliyin dolların məzənnəsinin qalxmasında rolu ola bilər. Lakin burada hakimiyyətin də "əlinin olması" istisna deyil.

Dadxah sentyabrın 29-da elektron poçt vasitəsilə Trend-ə bildirib ki, son günlərdə bir neçə amil dollara tələbin artmasına səbəb olub. "Birinci amil budur ki, İranın nüvə proqramına qarşı beynəlxalq sanksiyalar dünyada iranlı biznesmənlərin fəaliyyətində xeyli çətinlik yaradıb. İkincisi isə ondan ibarətdir ki, hakimiyyətin yaxın gələcəkdə müəyyən malların və materialların idxalına mane olacağı ilə bağlı xəbərlər yayılıb", - Dadxah hesab edir.

IRNA agentliyinin məlumatına əsasən, İranın vitse-prezidenti Rza Rəhimi deyib ki, Mərkəzi Bank tərəfindən bazara külli miqdarda qızıl və ABŞ valyutası buraxılıb və alıcılar Mərkəzi Bankdan daha ucuz qiymətə qızıl və dollar ala bilərlər.

Lakin onun sözlərinə görə, hökumət dolların məzənnəsinin dəyişilməsinə müdaxilə etməməlidir. "İranda dolların məzənnəsinin qalxması "sabun köpüyü"nə bənzəyir, çox yaxın günlərdə partlaya bilər. Hakimiyyət bazara böyük həcmli qızıl və dollar buraxmamalıdır. Məzənnənin öz-özünə nə vaxt sabitləşəcəyini gözləmək lazımdır. Daha sonra müəyyən sayda dolları satışa çıxarmaq olar", - Bidabadi deyib.

Hər iki ekspertin fikrincə, dolların məzənnəsinin qalxması hakimiyyət üçün sərfəlidir, lakin valyutanın süni şəkildə aşağı düşməsi yalnız ölkəyə ziyan vura bilər.

Bidabadinin sözlərinə görə, hakimiyyət ixrac və istehsalın həcmini artırmaq məqsədilə dolların kursunu artırmağa çalışmalıdır. O hesab edir ki, dolların məzənnəsinin qaldırılması hakimiyyətin valyuta bazarına qəsdən maneəsi deməkdir. Dadxahın sözlərinə görə, İranda dolların məzənnəsinin qalxması əsas nəzarətin xarici valyuta kursunun üzərində olduğu azad ticarət zonasında baş verib. Bu bazarın əsas mənbəsi və dayaq nöqtəsi neftdən gələn bütün gəlirləri bazara qoyan və beləliklə də dolların məzənnəsini süni şəkildə aşağı səviyyədə saxlayan hakimiyyətdir.

"İlk baxışdan elə görünür ki, hakimiyyət ölkə bazarında xarici valyutanın həcmini qəsdən azaldıb, - Dadxah deyib. - Yerli istehsalçılar və ixracatçılara dəstək məqsədilə hakimiyyət dolların məzənnəsini tədricən artıra bilər".

Onun sözlərinə görə, ölkə hakimiyyətinin xarici valyuta məzənnəsini milli valyutaya nisbətdə aşağı səviyyədə saxlaması yalnız idxalçıların xeyrinə ola bilər, lakin bu, yerli istehsalçılar və ixracatçıların ziyanınadır. Bu, qısa müddətdə malların qiymətinin və inflyasiyanın aşağı səviyyədə saxlanmasına yardım göstərə bilər, lakin ölkə iqtisadiyyatına, xüsusilə də daxili istehsalçılara uzunmüddətli perspektivdə ziyan vuracaq.

Xəbər lenti

Xəbər lenti