...

Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün dövlət investisiyaları onların nizamnamə kapitalının artırılmasına yönəldiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2010 19:43 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir A.Axundov/

Dövlət müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılmasını, habelə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) təyinatı üzrə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Azərbaycan Nazirlər Kabineti vəsait qoyuluşlarının dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında qərar qəbul edib.Bu barədə çərşənbə axşamı Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, 2010-cu ildən etibarən dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə, o cümlədən müvafiq xidmətlərin göstərilməsi ilə bağlı balanslarında olan obyektlər üzrə infrastrukturun yenidən qurulmasına və inkişafına yönəldilməsi nəzərdə tutulan vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada həmin müəssisələrin nizamnamə kapitalına daxil edilir.

2007-2009-cu illər ərzində dövlət müəssisələrinə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılmış əsaslı vəsait qoyuluşları (investisiyalar) həmin dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hesab edilir.

Aidiyyəti dövlət müəssisələrinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından əsaslı vəsait qoyuluşları (investisiyalar) ayrılmış dövlət müəssisələrinin nizamnamələrində müvafiq düzəlişlər edilməsini təmin etmək, zəruri hallarda müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək, bu qərarın icrası barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabinetinin qərarı imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti