Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir N.İsmayılova/
Cari ilin yanvar-oktyabr aylarında Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 80,6 milyon manat məbləğində kredit verilib. Bu barədə çərşənbə günü AİF-dən bildiriblər.
Bundan əvvəl bankların verdiyi kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 73,7 milyon manat təşkil edib. 2010-cu il dövlət büdcəsində sosial ipotekanın maliyyələşməsi üçün nəzərdə tutlan 14 milyon manat vəsaitin 10,76 milyon manatı ilin əvvəlindən ayrılıb.
AİF-in məlumatına görə, avqustda Azərbaycanda adambaşına 25,6 manat, 2009-cu ilin yekunlarına görə, 17,05 manat, 2008-ci ildə 7,34 manat, 2007-ci ildə 5,28 manat, 2006-cı ildə 0,2 manat ipoteka krediti düşüb.
Gənclərin və gənc ailələrin payına verilən ümumi kreditlərin (borcalanların 41 faizi 18-29 yaşda, 31 faizi isə 30-35 yaşda olub) 72 faizi düşür. Kreditlərin 28 faizi 36 yaşdan yuxarı borcalanların payına düşür.
AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz illik dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Adi və güzəştli kreditlər üçün ilkin ödəniş 15 faizdir.
Kreditlər milli valyuta - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir, ipotekanın predmeti yalnız mənzil və fərdi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir, kreditə görə aylıq ödəniş borc alanın aylıq gəlirinin 70 faizini keçməməlidir.
Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin, maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.
Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.