...

"Fitch" Azərbaycan İpoteka Fondunun reytinqini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2010 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir N.İsmayılova/

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycan İpoteka Fonduna (AİF) yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə verilmiş stabil proqnozlu BB+ kredit reytinqi BBB- səviyyəsinədək artırılıb. Bu barədə şənbə günü AİF-in məlumatında deyilir. Bu, cari ilin may ayında Azərbaycanın suveren reytinqinin BBB- səviyyəsindək artırılması nəticəsində baş verib.

Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə verilmiş stabil proqnozlu BB+ kredit reytinqi BBB- səviyyəsinə "stabil" proqnozla artırılıb.

"AİF-in kredit reytinqini alması Azərbaycanın ölkə reytinqinə bərabərləşdirilib ki, bu da ilk növbədə Fondun dayanıqlı maliyyə vəziyyətinə, sağlam kredit portfelinə, yüksək ödəniş qabiliyyətinə və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətin sosial siyasətində əhəmiyyətli rola malik olmasının göstəricisidir", - məlumatda deyilir.

Məlumata əsasən, yeni kredit reytinqinin alınması ipoteka kreditləri sisteminə davamlı dövlət dəstəyinin göstərilməsi, Fondda aktiv-passivlərin və risklərin idarə olunması sahəsində təkmil sistemin formalaşdırılması, effektiv hesabatlılıq sisteminin qurulması nəticəsində mümkün olub.

AİF-ə investisiya dərəcəli beynəlxalq kredit reytinqinin verilməsi gələcəkdə Fondun borclanma qabiliyyətinin daha da artırılmasına, Fondun beynəlxalq kapital bazarlarına çıxışına və bu bazarlarda sərfəli faiz dərəcələri ilə borc qiymətli kağızlarını yerləşdirməsinə zəmin yaradır. Bu da öz növbəsində növbəti illərdə də ölkədə ipoteka kreditləşməsinin davamlılığının və fasiləsizliyinin təmin edilməsinə, ipoteka kreditləşməsinin daha da genişləndirilməsinə əlverişli şərait yaradır.

Bu günə Fondun xətti ilə ölkədə verilən ipoteka kreditlərinin sayı 6 minə çataraq 240 milyon manat təşkil edib.

Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı ilə dövlət təşkilatı qismində yaradılıb. Onun nizamnaməsi Prezidentin ayrıca fərmanı ilə 2005-ci ilin dekabrında təsdiq edilib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının uzunmüddətli maliyyələşdirmə vasitəsilə mənzillərlə təmin edilməsi üçün maliyyələşmə mexanizmlərinin yaradılmasından, eləcə də ipoteka kreditləşməsinə daxili və xarici investisiyaların cəlb edilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti