Azərbaycan, Bakı, 1 dekabr /Trend, Ü.İsmayılova/
Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Qarant Sığorta" şirkətinin fəaliyyətə başlamasının üç ili tamam oldu. Bu barədə çərşənbə günü şirkətin məlumatında deyilir.
Bu münasibətlə keşirilən təntənəli mərasimdə iştirak edən "Qarant Sığorta"nın təsisçisi olan ZQAN Holdinqinin idarə heyətinin sədri Anar Məmmədov "Qarant Sığortan"nın bütün əməkdaşlarını bu münasibətlə təbrik edərək Azərbaycanda sığorta bazarının keçdiyi inkişaf yoluna nəzər salıb.
O, bildirib ki, Azərbaycan sığorta sektoru öz inkişaf tarixinə 19-cu əsrin ortalarından başlasa da ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda sığorta sahəsi Avropa standartlarına uyğun inkişaf yoluna qədəm qoyub. Belə ki, Milli Məclisin 25 iyun 1999-cu il tarixli qərarı ilə respublikamızda ilk dəfə olaraq beynəlxalq standartlara cavab verən "Sığorta haqqında" qanun qəbul edildi, məhz bu qanunla ölkəmizdə sığorta işi hüquqi bazaya malik oldu, milli sığorta bazarının yaranması üçün əlverişli şərait yaradıldı.
"Bu gün sığorta işi respublikamızın maliyyə sisteminin ən önəmli sferalarından biridir. Biz çox şadıq ki, "Qarant Sığorta" şirkəti də bu reallıqlar içərisində inkişaf edir. Məhz bu reallıqlar və imkanlar nəzərə alınaraq 2007-ci ildə "Qarant Sığorta" şirkətini yaratmağı qərara almışdıq", - Məmmədov deyib.
Anar Məmmədov çıxışının sonunda onu da əlavə edib ki, şirkətin əsas səhmdarı olaraq ZQAN Holdinq bundan sonra da "Qarant Sığorta"nın inkişafı üçün əlindən gələni əsirgəməyəcək.
"Qarant Sığorta"nın idarə heyətinin sədri Vaqif Həsənov isə öz çıxışında şirkətin üç il ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Üç il əvvəl "Qarant Sığorta" yaradılarkən Azərbaycanda sığorta mədəniyyətinin, sığortaya inamın çox zəif olduğunu deyən Vaqif Həsənov qeyd edib ki, bu şərtlərlə bazara girmək və sığorta üzərində biznes qurmaq çox çətin olsa da bu çətinliklər onları qorxutmayıb.
"Çünki biz bilirdik ki, yaratdığımız şirkət müstəqil, modern, daim inkişafda olan, günü gündən çiçəklənən sabit Azərbaycanda fəaliyyət göstərəcək. Əldə edilən uğurlarla davamlı inkişafa nail olan "Qarant Sığorta" üç il ərzində sığorta bazarına ən müxtəlif məhsullarını çıxarmaqla yanaşı əhali arasında maarifləndirməni də heç zaman dayandırmayıb. Hər zaman ilklərə imza ataraq dünya təcrübəsinin ən qabaqcıl yeniliklərini Azərbaycana gətirməkdən məmnun olan "Qarant Sığorta" Korporativ Sosial Məsuliyyəti tətbiq edən, öz karyeralarını sığortaçı olaraq qurmağa çalışanlar üçün "Sığorta agenti" layihəsinə imza atan ilk şirkət kimi də tarixə düşüb", - Həsənov bildirib.
Xatırladaq ki, bu ilin üç rübünü artımla tamamlayan "Qarant Sığorta" sığorta yığımını 77 faizə, ödənişləri isə 452 faizə qədər qaldırmağa nail olub. ZQAN Holdinqə daxil olan şirkətin nizamnamə kapitalı 4 milyon manatdır.
Dekabrın 1-nə olan rəsmi məzənnə 0,8003 AZN/USD təşkil edir.