Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Cümə axşamı Finlandiyanın WSP şirkəti Azərbaycan Nəqliyyat Nazirliyində Bakı şəhəri üçün strateji nəqliyyat planının təqdimatını keçirib. Bu barədə nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Layihə planının hazırlanması nazirlik və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış qrant sazişinə əsasən həyata keçirilib.
Planın təqdimatı zamanı Bakı şəhərinin ərazisi üçün nəqliyyatın gələcək imkanları, nəqliyyat sistemi ssenarilərinin müəyyən edilməsi, qiymətləndirilməsi və investisiya strategiyaları, şəhər ərazisində maşın dayanacaqlarının idarə olunması, intermodal terminallarda parklanma tədbirləri, "TransCad" modelinin hazirlanması və tətbiqi üzrə təqdimatlar keçirilib.
Tədbirlərdə nəqliyyat nazirinin müavini Musa Pənahov, Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı Metropoliteninin, "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri ilə yanaşı, Dünya Bankının, Finlandiyanın WSP şirkətinin və Yunanıstanın KLC hüquq şirkətinin təmsilçiləri də iştirak edib.
Konfransda "Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planı"nın icrası ilə bağlı gələcək əməkdaşlığa dair təkliflər, o cümlədən Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar olaraq işıqfor-siqnal sisteminin təkmilləşdirilməsi, şəhər ərazisində parklanma siyasətinin təkmilləşdirilməsi, şəhərin girişlərində parklanma üçün dayanacaqların təşkili və parklanmanın idarə edilməsi, ictimai nəqliyyatın xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə texniki servis (xidmət) məntəqələrinin yaradılması, şəhər nəqliyyatının optimallaşdırılması üçün "Paramiks" proqramının alınması və tətbiqi, avtobus sürücüləri üçün simulyatorların alınması və tətbiqi məsələləri də müzakirə olunub.
Strateji nəqliyyat planı sərnişin nəqliyyatının bütün növlərini, xüsusən də avtobus, taksi, metropoliten, dəmiryol və nəqliyyatın su növünü əhatə edəcək.
Bir milyon dollar məbləğində olan qrant 2008-ci ildə ayrılıb. Qrantın vəsaitlərinin bir hissəsi Bakının sərnişin nəqliyyatının araşdırılmasına xərclənib. Stareji planın hazırlanmasına 500 min dollara yaxın vəsait xərclənəcək.