...

Azərbaycanın lizinq sektoru 2010-cu ildə stabilliyini qoruyub – ALŞA-nın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2010 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Ölkə iqtisadiyyatının bir neçə seqmentinə öz təsirini göstərən dünya maliyyə-iqtisadi böhranına baxmayaraq, Azərbaycanın lizinq sektoru 2010-cu ildə stabilliyini qoruyub. İri lizinq şirkəti olan "Join Leasing"in baş direktoru Elçin Əhmədov bu fikirdədir.

"Azərbaycanın lizinq sektoru qlobal təlatümlərlə qarşılaşmadı. Bütün şirkətlər 2010-cu ildə öz fəaliyyətlərini davam etdiriblər, bazarın yeni iştirakçıları əmələ gəlib ki, bu da çox vacibdir", - Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) rəhbəri Əhmədov bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, əvvəlki illərdə müşahidə olunan, lizinq şirkətlərinin portfellərinin adətən iki dəfə artan yüksəlişi baş vermədi. İndi lizinq portfelinin ümumi həcmi 200 milyon manata çatır, bu isə 2009-cu ilin göstəricisindən bir qədər çoxdur.

"Ümid edirəm ki, 2011-ci il daha fəal olacaq, halbuki lizinq portfelinin böyük artımını gözləmək hələ tezdir. Belə ki, risklərin minimallaşdırılması məqsədilə lizinq şirkətləri layihələrin maliyyələşdirilməsinə böyük seçimlə yanaşırlar", - Əhmədov qeyd edib.

Hazırda Azərbaycanda həm hökumət, həm də özəl sektor tərəfindən yeni böyük infrastruktur layihələr hazırlanır və həyata keçirilir.

"Lizinq sektorunun bu layihələrdə layihələrin icraçı şirkətlərinə xidmətlərin təqdim edilməsi yolu ilə daha fəal iştirakı yaxşı olardı. Bu, avtomobil yollarının, böyük sənaye və turizm obyektlərinin tikintisinə və bərpasına aiddir. Bu layihələr həyata keçirilən zaman podratçı şirkətlərin həmişə avadanlığa ehtiyacı olur, bu halda isə lizinq dəyişməz maliyyə alətidir", - Əhmədov vurğulayıb.

Hazırda Azərbaycanda 21 lizinq verən var, lakin real surətdə onların yarısı işləyir. ALŞA-ya doqquz şirkət üzvdür və iki şirkətin müşahidəçi statusu var.

"ALŞA-nın üzvlərinin hamısı fəal lizinq şirkətləridir. Biz öz sıralarımıza fəaliyyətlərinə nisbətən bu yaxınlarda başlayan yeni lizinq şirkətləri cəlb etmək istəyirik. Güman edirəm ki, hər bir fəal işləyən və perspektiv şirkət ALŞA-nın üzvü olmalıdır və lizinq sektorunda baş verən proseslərdən kənarda qalmamalıdır. Belə ki, yaranan problemləri təkbaşına həll etməkdənsə, birlikdə yoluna qoymaq daha məqsədəuyğundur", - Əhmədov bildirib.

Assosiasiya 2004-cü il oktyabrın 27-də "Ataleasing", "Unileasing", "Muğanleasing" şirkətləri tərəfindən Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda lizinqin inkişafına texniki yardım layihəsi çərçivəsində təsis edilib.

Xəbər lenti

Xəbər lenti