...

2010-cu ildə Azərbaycanda 162 milli standart təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 19:00 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2010-cu ildə Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 07), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ekologiya üzrə Texniki Komitə (TK 09) və Keyfiyyətin idarə olunması üzrə Texniki Komitə (TK 08) yaradıb.
2010-cu ildə Azərbaycanda 162 milli standart təsdiq edilib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Ü.İsmayılova/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2010-cu ildəQida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 07), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ekologiya üzrə Texniki Komitə (TK 09) və Keyfiyyətin idarə olunması üzrə Texniki Komitə (TK 08) yaradıb. Bu barədə Dövlət Komitəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabatında deyilir.

Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 07) 2010-cu il ərzində 35 milli standartın layihəsini hazırlayıb və dövlət qeydiyyatı üçün təqdim edib.

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi ilə birlikdə yaradılan Ekologiya üzrə Texniki Komitə 5 milli standart layihəsi hazırlayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə yaradılan İnformasiya-kommunikasiya Texnologiyaları üzrə Texniki Komitə tərəfindən 12 milli standart hazırlanıb.

2010-cu ildə Standartlaşdırma üzrə Dövlət Komitəsi Avro-2 standartına keçidlə bağlı 5 milli standart hazırlayıb. Ölkənin yanacaq-enerji ehtiyatlarının qənaəti ilə bağlı problemlərin həlli, onlardan istifadənin effektivliyinin yüksəldilməsi ilə bağlı Komitə tərəfindən "Enerjiyə qənaət və enerji səmərəliliyi sahələrində standartlaşdırma sisteminin inkişafı" üzrə Dövlət Proqramı layihəsi hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Nazirlər Kabinetinə təqdim edilib.

Hesabat dövrü ərzində Komitənin tabeçiliyində fəaliyyət göstərən Azərbaycan Standartlar İnstitutu tərəfindən 37, o cümlədən ümumi təmayüllü 10, neft və neft məhsulları və onların təyini metodlarına aid 8, maşınqayırma üzrə 4, ət və süd emalı məhsullarına aid 11, yüngül sənaye məhsullarına aid 4 normativ sənəd hazırlanıb.

Ümumilikdə Komitə tərəfindən 162 milli standart, 99 texniki şərt dövlət qeydiyyatına alınıb. Bu da öz növbəsində 2009-cu il ilə müqayisədə 270 faiz artım təşkil edir.

Ötən il Komitənin akkreditasiya şöbəsi tərəfindən 234 obyekt akkreditasiya olunaraq dövlət reyestrində qeydiyyatına alınıb.

Dövlət Komitəsi tərəfindən 80-dən çox müəssisəyə, o cümlədən 50 yanacaqdoldurma, 16 maye qaz doldurma, 14 tibbi fəaliyyət və 3 əlvan metalların tədarükü və emalı müəssisələrinə xüsusi fəaliyyətlə məşğul olmağa lisenziya alınması üçün rəy verilməsi məqsədilə təqdim olunan sənədlərin metroloji ekspertizası keçirilib və muvafiq rəy hazırlanıb.

2010-cu il ərzində 161 ədəd yeni tipli ölçmə vasitələrinin tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilib. Bu ölçmə vasitələrinin hamısı idxal yolu ilə ölkəyə gətirilib. Bundan başqa, dövlət reyestrinə 62 beynəlxalq standart da daxil edilib.

İl ərzində hüquqi və fiziki şəxs statusu ilə fəaliyyət göstərən 2146 təsərrüfat subyektində istehsal, idxal və ixrac olunan məhsulların keyfiyyətinə, standartların, metroloji normaların və qaydaların tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib ki, bu da 2009-cu ildəkinə nisbətən 1,9 dəfə çoxdur.

Araşdırmaların nəticəsində təsərrüfat subyektlərində aşkar olunmuş nöqsanlara və pozuntulara, o cümlədən istehsal olunan bəzi məhsulların insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli olduğuna, normativ sənədlərin tələblərinə cavab vermədiyinə görə 123 növ məhsulun istehsalının və satışının qadağan olunması barədə, habelə mövcud nöqsanların aradan qaldırılmasına dair 344 iradnamə və tələbnamə verilib.

Bu dövr ərzində həyata keçirilmiş dövlət nəzarətləri zamanı 277,5 manatlıq müxtəlif çeşidli məhsulların keyfiyyəti yoxlanılıb, bunlardan 252 min manatlıq məhsulun normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub.

Ciddi nöqsanlara yol vermiş təsərrüfat subyektlərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada 137 protokol tərtib olunub, 143,7 min manat məbləğində və yaxud 2009-cu ilə nisbətən 1,9 dəfə çox cərimə sanksiyaları tətbiq olunub.

Hesabat ilində məhsul istehsalı, idxalı və ixracı ilə məşğul olan 2885 hüquqi və fıziki şəxslərin sifarişləri əsasında 6209 adda məhsula keyfiyyət sertifikatları verilib. Sertifikatlaşdırma prosesi ilə əhatə olunmuş təsərrüfat subyektlərinin sayı 2009-cu ilə nisbətən 1,4 dəfə, sertifikatlaşdırılan məhsul növlərinin sayı isə 1,6 dəfə artıb.

Yoxlamaların nəticələri üzrə 96,4 min manatlıq qida əlavələrinin (yoxlanılan ümumi məhsulun 75,9%-i,), 24,5 min manatlıq meyvə şirələrinin (yoxlanılan ümumi məhsulun 37,8%-i), 1,0 min manatlıq duzun (yoxlanılan ümumi məhsulun 20,8%-i), 2,3 min manatlıq dondurmanın (yoxlanılan ümumi məhsulun 15,3%-i), 2,0 min manatlıq mineral suların (yoxlanılan ümumi məhsulun 6,0%-i) və bir sıra digər ərzaq məhsullarının istehsalı və ya satışı qadağan olunub.

Xəbər lenti

Xəbər lenti