Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ərzaq məhsulları üzrə daha iki dövlət standartını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.
Hər iki standart Codeks Alimentarius Komissiyasının eyni adlı standartları əsasında hazırlanıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli sərəncamına əsasən, yeyinti məhsullarına dair Codeks Alimentarius, İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirləri Codeks Alimentarius Komissiyasının tövsiyələri ilə əlaqələndirmək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib.
AZS 539-2011 "Yalnız fiziki üsullarla konservləşdirilmiş alma şirəsi" və AZS 541-2011 "Qarışıq meyvə şirələri. Rəhbər göstərişlər" Dövlət standartlarını təsdiq edilib. Standartların tətbiq vaxtı 2 fevral 2011-ci ildən müəyyən edilib.
Azərbaycan BMT-nin Ərzaq proqramının və ÜST (Ümumdünya Səhiyyə Təşkilatının) qida məhsullarına dair standartlar üzrə Codeks Alimentarius proqramlarının iştirakçısıdır.