...

Gəncə Avtomobil Zavodu mülkiyyət formasını dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2011 20:21 (UTC +04:00)
Gəncə Avtomobil Zavodu "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinə çevrilib. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin qərarında deyilir.
Gəncə Avtomobil Zavodu mülkiyyət formasını dəyişib

Azərbaycan, Bakı, 25 yanvar/Trend/

Gəncə Avtomobil Zavodu "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinə çevrilib. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin qərarında deyilir.

Mülkiyyət formasının dəyişdirilməsi ilə bağlı qərar zavodun təsərrüfat fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə qəbul edilib.

Mülkiyyət formasının dəyişdirilməsinə baxmayaraq, İstehsalat Birliyi dövlət müəssisəsidir və öz fəaliyyətində Azərbaycanın qanunlarını, Azərbaycan Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə təsdiq edilən nizamnaməni rəhbər tutur.

Nazirlər Kabinetinin qərarına əsasən, İB üç müəssisədən ibarət olacaq: Gəncə avtomobil zavodu (baş müəssisə), marketinq və servis müəssisəsi, xüsusi konstruktor-texnoloji bürosu.

Birliyin idarəetmə və nəzarət orqanı Müşahidə Şurasıdır. Şura sədr daxil olmaqla, 3 üzvdən ibarətdir. Şuranın sədri və üzvləri Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Birliyin fəaliyyətinə cari rəhbərliyi (menecmenti) icraçı direktor həyata keçirir.

Hazırda Gəncə Avtomobil Zavodu öz istehsal gücündə "MAZ" məhsullarının müxtəlif tip asma avadanlıqlarını, o cümlədən, Almaniyanın "Haller" şirkəti ilə saziş çərçivəsində kommunal texnika yığır.

Minsk avtomobil və traktor zavodlarının yük avtomobillərinin və traktorlarının bütün qammasının yığılmasına və satışına dair saziş 2006-cı ilin noyabrın sonunda Minskdə imzalanıb.

Xəbər lenti

Xəbər lenti