Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.İsmayılov/
2010-cu ildə Аzərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) beynəlxalq daşımaların həyata keçirilməsi zamanı dövlətlərin sərhədlərini maneəsiz keçmək üçün sürücülərə lazımi 7400 ədəd "TIR Cornet" kitabçası verib. Bu barədə çərşənbə axşamı assosiasiya rəhbəri Tofiq Nurullayev deyib.
Onun sözlərinə görə, proqnozlara əsasən, bu il verilən "TIR Cornet" kitabçalarının sayı təxminən ötən ilin göstəricisinə bərabər olacaq.
"2010-cu ildə 7400 kitabça verilib. Bu, 2009-cu ilin göstəricisindən azdır. 2011-ci ildə veriləcək kitabçaların sayı ötən ilin göstəricisinə yaxın olacaq", - Nurullayev qeyd edib.
ABADA rəhbərinin sözlərinə görə, cari il üçün kitabçaların verilməsi üzrə proqnozlar assosiasiya üzvlərinin sayının azalması ilə əlaqədardır. Hazırda onların sayı 62 nəfərdir. Bu göstərici 2010-cu ilin əvvəlində 65 nəfər olub. ABADA üzvlərinin sayının azalması bəzi üzvlərin dünya maliyyə böhranı şəraitində öz avtomobillərini satmaları ilə bağlıdır.
ABADA - yük avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən Azərbaycanın fiziki və hüquqi şəxslərini birləşdirən qeyri-kommersiya təşkilatıdır. ABADA 1993-cü ilin mayında yaradılıb və 1993-cü ilin noyabrından IRU-nun üzvüdür. Assosiasiya "TİR" kitabçalarını yalnız özünün avotomobili olan və müəyyən edilən qaydalara riayət edən üzvlərinə verir.