...

Azərbaycanda biznes mühitin yaxşılaşdırılması və sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üzrə təkliflər hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2011 19:01 (UTC +04:00)
Fevralın birində Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı geniş kollegiya iclası keçirilib. Bu barədə çərşənbə günü nazirlikdən məlumat verilib.
Azərbaycanda biznes mühitin yaxşılaşdırılması və sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üzrə təkliflər hazırlanacaq

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir N.İsmayılova/

Fevralın birində Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı geniş kollegiya iclası keçirilib. Bu barədə çərşənbə günü nazirlikdən məlumat verilib.

İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, 2011-ci ildə nazirliyin tədbirlər planının icrası "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" (2007-2011-ci illər) üzrə fəaliyyət planı çərçivəsində təmin olunmalıdır.

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının qorunması üzrə dövlət xidməti qiymətlərin süni şəkildə şişirdilməsi faktlarını aradan qaldırmalı, azad rəqabət üçün mühitin yaradılması üzrə tədbirləri gücləndirməli,istehlakçıların hüquqlarının tam müdafiəsini təmin etməli, mümkün neqativi halların aradan qaldırılması məqsədilə nəzarəti gücləndirməlidir.

Nazirin sözlərinə görə, sahibkarlıq subyeklərində digər dövlət qurumları tərəfindən həyata keçirilən yoxlamalar zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı formal xarakter daşımamalı, nazirlik əməkdaşları sahibkarların hüquqlarının müdafiəsinə xidmət etməlidir.

"Həmçinin xüsusi razılıqların (lisenziya), mənşə sertifikatlarının verilməsinin, idxal-ixrac əməliyyatları üzrə müqavilələrin qeydiyyatının qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada həyata keçirilməsinə nəzarət gücləndirməlidir. Digər dövlət qurumları tərəfindən verilən lisenziyalar barədə məlumatlar müntəzəm olaraq təhlil edilməli və aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmalıdır",- Mustafayev deyib.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflıq daha da artırılmalı, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməli, bu sahədə yeni təkliflər hazırlanmalıdır. Nazirliyin həyata keçirdiyi satınalmalar qanunvericiliyin tələblərinə uyğun olaraq tam şəffaf şəkildə həyata keçirilməli, digər qurumlar tərəfindən keçirilən tenderlərdə nazirliyin əməkdaşlarının iştirakı formal xarakter daşımamalıdır, nazir hesab edir.

Kollegiya iclasında biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığı inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə təkliflərin hazırlanması tapşırılıb:

- sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi;

- dövlət nəzarəti tədbirləri, ilk növbədə yoxlamalar zamanı sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması;

- xüsusi razılıqların (lisenziya) verilməsi prosedurunun təkmilləşdirilməsi;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan icazəverici sənədlərin, onların verilmə prosedurlarını tənzimləyən qanunvericiliyin inventarlaşdırılması, bu sahədə mövcud olan paralelliyin aradan qaldırılması, icazələrin verilməsi reqlamentlərinin hazırlanması;

- sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin, o cümlədən sənaye zonalarının və biznes inkubatorların yaradılması;

- kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq meyarların hazırlanması, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi;

- səhmdar cəmiyyətlərin, dövlət şirkətlərinin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə yeni korporativ standartların tətbiq edilməsi;

- gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, o cümlədən onların maarifləndirilməsi, yenidənhazırlama, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi;

- dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi, xüsusi razılıqların (lisenziya) və icazələrin verilməsi zamanı, dövlət qurumları ilə sahibkarlar arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının geniş tətbiq olunması.

İqtisadi inkişaf naziri kollegiya iclasına yekun vuraraq müəyyən edilmiş tədbirlərin icrasının qısa müddətdə və keyfiyyətlə təmin edilməsi, müzakirə edilmiş məsələlərin ciddi nəzarətdə saxlanılmasına dair konkret tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti