...

2010-cu ildə Azərbaycanda kənd təsərrüfatının güzəştli kreditləşməsinə 13 milyon manatdan çox vəsait yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə müvəkkil banklar vasitəsilə ölkənin 40 regionunda aqrar sektora cəlb edilən 448 hüquqi və fiziki şəxsə ümumi məbləği 13,405 milyon manat olan güzəştli kreditlər verilib. Bu barədə hökumətin parlamentə təqdim etdiyi 2010-cu ilin yekunları üzrə hesabatında deyilir.

Belə ki, 151 kredit əkinçilik sahəsində, 76 - heyvandarlıq, 42 - üzümçülük, 31 - arıçılıq, 25 - bağçılıq, 9 - quşçuluq, 5 - balıqçılıq, 2 - istilikxanaların quraşdırılması, 1 - heyvandarlıqda süni yetişdirilmə üzrə fəaliyyətə və 1 kredit texnika və gübrənin alınması sahəsində sahibkarlara verilib.

Güzəştli kreditlərin verilməsi nəticəsində 1066 daimi və müvəqqəti iş yerlərinin yaradılması təmin olunub.

Ötən il əvvəllər verilən kreditlər üzrə ödənişlər tam təmin edilib və 3,405 milyon manat təşkil edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi kreditləşməyə 2007-ci ildən başlayıb.

Dövlət büdcəsi vəsaitləri hesabına mikrokreditlər bir min manat məbləğədək iki il müddətinə, kiçik kreditlər 1 min manatdan 20 min manatadək, orta kreditlər 20 min manatdan 5 min manatadək üç il müddətinə, iri kreditlər 50 min manatdan 200 min manatadək beş il müddətinə verilir. Kreditlər üzrə faiz dərəcəsi 7 faiz səviyyəsində müəyyənləşdirilib.

Azərbaycan Nazirlər Kabinetinin sərəncamına əsasən, kreditlər kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, suvarma torpaqlarının meliorasiyasının yaxşılaşdırılmasına, irriqasiya avadanlığının təminatına, kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrin alınmasına, qida məhsulları sektorunun modernləşdirilməsinə və inkişafına, Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin həyata keçirilməsinə yönəldilə bilər.

Xəbər lenti

Xəbər lenti