...

Azərbaycanda çuqun və alümin tökməsi üzrə müəssisə özəlləşdirilməyə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2011 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi çuqun və alümin tökməsi üzrə ixtisaslaşan "Bakı Elektriktökmə" müəssisəsinin səhmlərinin 98,71 faizini satışa çıxarıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin şənbə günü yaydığı məlumatda deyilir.

Paket investisiya müsabiqəsinin standart paketindən (85 faiz) və əmək kollektivinə güzəştli satışdan qalan (13,71 faiz) səhmlərdən formalaşdırılıb.

Müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.

İddiaçılar yeni texnologiyaların tətbiqi, iş yerlərinin bərpası və sosial təminat, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi və onun çeşidinin genişləndirilməsi üzrə investisiya proqramını təqdim etməlidirlər.

Məlumatda deyilir ki, iddiaçılar investisiya təklifinin dəyərinin beş faizi həcmində bank zəmanətinə malik olmalı və dövlət büdcəsinə 900 min manat köçürülməsi üzrə təklif təqdim etməlidirlər.

Bakı şəhəri, N.Nəsrullayev küç., 5 ünvanında yerləşən "Bakı Elektriktökmə" müəssisəsi çuqun və alümin tökməsi, eləcə də sənaye və məişət mallarının hazırlanması ilə məşğul olur.

SC-nin nizamnamə kapitalı 2,125 manat təşkil edir, bu məbləğə hər birinin nominal dəyəri iki manat olan 1 062 390 səhm buraxılıb. Müsabiqənin predmeti ümumi nominal dəyəri 2,097 manat olan 1 048 709 qiymətli kağızdır.

2011-ci il yanvarın 1-nə olan məlumata görə, müəssisə 2,23 milyon manat məbləğində borca, eləcə də 97,235 min manat həcmində əməkhaqqı borcuna, 226,47 min manat məbləğində isə xammal və göstərilən xidmətlər üzrə borca malikdir. Bununla yanaşı, debitor borclar 1,232 milyon manat təşkil edir.

Müəssisə 1961-ci ildən fəaliyyət göstərir. İşçilərin sayı 166 nəfərdir.

İddiaçılar 27 aprel saat 10:00-dan 17:00-dək müsabiqənin şərtləri ilə tanış ola və əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 20. Sənəd və təkliflər 27 aprel saat 10:00-dan 17:00-dək qəbul olunur. Təkliflər 29 aprel 2011-ci il tarixdə saat 15:00-da qiymətləndiriləcək.

Martın 19-na olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti