Azərbaycan, Bakı, 5 aprel /Trend/
Aprelin 15-də Yaltada (Ukrayna) MDB-nin İqtisadi Şurasının növbəti 49-cu iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Birliyin İcraiyyə Komitəsinin saytında dərc edilən məlumatda deyilir.
Gündəliyə Birlik dövlətlərinin iqtisadi fəaliyyətinin müxtəlif sahələrini əhatə edən 15 məsələ daxil edilib.
İclas iştirakçılarının diqqət mərkəzində azad iqtisadi zona haqqında müqavilənin layihəsi olacaq. Bu sənəd Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb və 2008-ci ilin sonunda MDB-nin İcraiyyə Komitəsinə təqdim edilib. Ötən müddət ərzində yaradılmış xüsusi işçi qrupu çərçivəsində silsilə danışıqlar aparılıb. Danışıqlar zamanı maraqlı dövlətlərin təklif və iradları müzakirə edilib və nəzərə alınıb. Cari ilin fevralında işçi qrupu müqavilə layihəsinin mətnini və ona bir sıra əlavələri razılaşdırılmış hesab etmək barədə qərar qəbul edib. Daxil olan müraciətlər əsasında dəqiqləşdirilən sənədin layihəsi cari ilin martında keçirilən MDB İqtisadi Şurası yanında İqtisadi məsələlər komissiyasının iclasında bəyənilib.
Hazırlanan sənəd MDB məkanında ticarətin tammiqyaslı liberallaşdırılması üçün vahid, müasir tələblərə cavab verən müqavilə bazasının formalaşdırılmasına yönəlib. Yeni müqavilə çərçivəsində azad iqtisadi rejimdən idxal rüsumlarının tətbiq edildiyi yığımların minimuma endirilməsi nəzərdə tutulur. Gələcək müqavilə çərçivəsində ixrac rüsumlarını qeydə almaq planlaşdırılır, sənəd qüvvəyə mindikdən sonra isə onların mərhələli ləğvi üzrə danışıqlara başlamaq nəzərdə tutulub.
İqtisadi Şura tərəfindən bəyənildikdən sonra azad iqtisadi zona haqqında müqavilə layihəsinin MDB Hökumət rəhbərləri Şurasının növbəti iclasının müzakirəsinə çıxarılması planlaşdırılır.
Bundan başqa, İqtisadi Şuranın Yalta konfransında MDB iştirakçı dövlətlərinin dövlətlərarası innovasiya əməkdaşlığı proqramının ilkin layihəsi müzakirə ediləcək, MDB-nin 20 illiyinə həsr edilən dövlətlərarası sərgiyə hazırlığın gedişi, nəqliyyat, elmi-texniki informasiya mübadiləsi, ərzaq təhlükəsizliyi, sosial sahələrdə aktual məsələlər və bir sıra digər problemlər müzakirə ediləcək.
MDB İqtisadi Şurasının üzvləri MDB İcraiyyə Komitəsinin, Ukrayna hökuməti və "Vneştorqbank" Bank Qrupunun dəstəyi ilə MDB-nin Maliyyə-Bank Şurası tərəfindən təşkil edilən "Yalta işgüzar görüşləri" Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklər.
Forum aprelin 14-dən 17-dək Yaltada keçiriləcək.