...

Azərbaycanda ilk dəfə "Plastik Kütlələr və Kauçuk" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend/

Mayın 25-dən 27-dək Azərbaycanda ilk dəfə "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk sərgisi keçiriləcək. "Plastex Caspian" layihəsi bütün dünyada tanınmış "Plastex" sərgiləri brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin plastik kütlələr sənayesinin ən böyük sərgilərini birləşdirir. Bu barədə Trend-ə "İteca Caspian" şirkətindən məlumat verilib.

Sərgi bu sektoru bütünlükdə əhatə etməklə, plastik kütlələr və kauçuk emalı üçün avadanlıq istehsalçılarından tutmuş xammal və əlavələrin istehsalçılarına qədər polimerlər bazarının ən iri dünya liderləri ilə məhsuldar ünsiyyət qurmaq və qarşılıqlı sərfəli müqavilələr bağlamaq baxımından gözəl imkan yaradacaq. Sərgidə plastik kütlələrin və kauçukun tətbiq edildiyi tikinti işlərindən tutmuş mebel istehsalına kimi, habelə avtomobil detalları və yaxtalardan tutmuş məişət texnikasına qədər bütün sektorlar, o cümlədən hazır məhsul istehsalçıları da təqdim olunacaq.

Layihənin debüt olmasına baxmayaraq, sərgi xarici şirkətlərin böyük marağına səbəb olub. Belə ki, sərgidə kommersiya şirkətləri ilə yanaşı, həmçinin Avstriya və Almaniyanın milli stendləri də təqdim olunacaq. İştirakçılar siyahısında "Azərkimya", Sumqayıt Texnoloji Parkı, "TP", "Textima" və "Zeppelin" kimi şirkətlərin adları var və onların iştirakı sərginin təşkilatçıları "Iteca Caspian" və "ITE Group" şirkətlərinin, habelə "GIMA" (Almaniya) və "ITE Gulf" (BƏƏ) şirkətlərinin də daxil olduğu tərəfdaş şəbəkələrinin fəal işi nəticəsində mümkün olub. Kimya sənayesini əhatə edən ixtisaslaşdırılmış mövzu üzrə sərginin təşkili, iqtisadiyyatın qeyri-neft sektorlarının aktiv inkişafı fonunda ən aktual tədbir sayıla bilər. Azərbaycanda karbohidrogen və xammalın başqa növlərinin kifayət qədər əhəmiyyətli ehtiyatlarının mövcud olması iri kimya sənayesinin yaradılmasının başlıca səbəbi oldu və bu sənaye əsasən sintetik kauçuk, polietilen, yod və xlor sənayesinin məhsullarının istehsalı ilə təmsil edilir.

Beləliklə, "Plastex Caspian" sərgisi Azərbaycan, Avstriya, Almaniya, Türkiyə və MDB ölkələrindən olan aparıcı istehsalçıları öz meydançasında toplayaraq, kommersiya şirkətlərinə yeni satış bazarlarını müəyyən etmək, yeni əməkdaşlıq əlaqələri qurmaq, həmçinin plastmas və dünya rezin-texniki məmulatları sənayesi və onun inkişafının yeni istiqamətlərinin icmalını təqdim etmək üçün ideal imkan yaradacaq və ölkənin kimya sektorunun dirçəlişinə təkan verəcək.

Sərgi "Bakı Ekspo" sərgi mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti