...

Latviyanın ticarət missiyası turizm sahəsində layihələrin inkişafı məqsədilə Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2011 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may/Trend/

Mayın 12-də Riqada, ölkənin Nəqliyyat Nazirliyində iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının IV iclası olub. İclasda Latviyanın nəqliyyat naziri Uldis Auqulis başda olmaqla Latviya nümayəndə heyəti, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov başda olmaqla Azərbaycan nümayəndə heyəti, Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov iştirak edib. Trend-in məlumatına görə, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Tərəflər Azərbaycan ilə Latviya arasında iqtisadi əlaqələrin indiki vəziyyətini, Aİ-Azərbaycan əlaqələri, o cümlədən "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmiş, əldə edilən nəticələri müsbət qiymətləndiriblər. Vurğulanılıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.

Tərəflər Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Latviya İnvestisiyalar və İnkişaf Agentliyi arasında imzalanmış Qarşılıqlı Anlaşma haqqında Memorandumun əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rolunu qeyd ediblər.
2011-ci ildə Azərbaycanda və Latviyada ərzaq malları günlərinin keçirilməsi haqqında qərar qəbul edilib. Bildirilib ki, 2011-ci ilin iyun ayında hər iki ölkənin sahibkarları arasında əməkdaşlığı möhkəmlətmək, mədəniyyət və turizm sahəsində layihələri inkişaf etdirmək məqsədi ilə Latviya ticarət missiyasının Azərbaycana səfəri planlaşdırılır.

Hər iki ölkənin energetika sektoru barədə də fikir mübadiləsi aparılıb. Tərəflər alternativ və bərpa olunan enerji sahəsində, maşınqayırma və metallurgiya sahələrində əməkdaşlığın davam etdirilməsi, Latviyada istehsal edilən qaz, qızdırıcı və elektrik ölçü cihazlarının Azərbaycanda tətbiq edilməsi imkanlarının öyrənilməsi barədə razılığa gəliblər.
Nəqliyyat sahəsində əməkdaşlıq mövzusu ilə əlaqədar, Azərbaycanın ixrac və idxal yüklərinin daşınması üçün Latviya limanlarından və Latviya tranzit dəhlizlərindən istifadə etmək təklif olunub.

Kommunikasiyalar mövzusu ilə əlaqədar, poçt rabitəsi sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə rabitə sahəsində əməkdaşlıq, elektron pulköçürmələri mübadiləsi sahəsində əməkdaşlıq haqqında iki ölkənin hökumətləri tərəfindən imzalanmış sazişlərdə nəzərdə tutulan tədbirlərin davam etdirilməsi qərara alınıb.

Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək məqsədi ilə aqrar fermaların yaradılması və dəstləşdirilməsi, lizinq şərtləri daxilində təchizatın təşkil edilməsi sahəsində təcrübə mübadiləsi aparacaqlar.

Nümayəndə heyətlərinin üzvləri mədəniyyət və turizm sahəsində də fikir mübadiləsi aparıb, Azərbaycanın və Latviyanın turizm potensialının təbliğ və təşviq edilməsi üçün informasiya mübadiləsinin, hər iki ölkənin turizm imkanları, mədəniyyəti və ənənələri ilə tanış olmaq məqsədi ilə qarşılıqlı mətbuat turları keçirilməsinin zəruri olmasını qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti