Azərbaycan, Bakı, 25 may /Trend/
Azərbaycan Mərkəzi Bankının internet səhifəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən "Netty" müsabiqəsinin "İlin ən yaxşı dövlət səhifəsi" nominasiyası üzrə qalibi elan olunub. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
Belə ki, 2011-ci ildə Mərkəzi Bankın internet səhifəsi öz fəaliyyəti ilə dövlət strukturları arasında "İlin ən yaxşı dövlət səhifəsi" nominasiyası üzrə 1-ci mərhələdə ictimaiyyət tərəfindən, ikinci mərhələdə isə münsiflər heyəti tərəfindən birirnci yerə layiq görülüb.
Müsabiqədə dövlət, elm və təhsil, mədəniyyət və incəsənət, informasiya və xəbərlər, idman, korporativ və elektron kommersiya üzrə ümumilikdə 286 internet səhifəsi iştirak edib.
Mayın 24-də keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edənlər Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən NETTY mükafatının bir neçə il ərzində milli internet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir olduğunu qeyd ediblər.
Sonra isə qaliblərin adı açıqlanıb. Mükafatı Mərkəzi Banka rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təqdim edib.
NETTY-2011 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
"Netty" müsabiqəsi 2005-cı ildən fəaliyyət göstərir, "İlin ən yaxşı dövlət səhifəsi" nominasiyası üzrə Azərbaycanın Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), Mədəniyyət və Turizm Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kimi dövlət qurumları qalib gəliblər.