...

Azərbaycanın gəmiçilik şirkəti donanmasını yeniləmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2011 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin oktyabrına Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) Xorvatiya istehsalı olan iki yeni bərə gəmisi almaq fikrindədir. Bu barədə şənbə günü DXDG-nin rəhbəri Aydın Bəşirov bildirib.

2011-ci ilin mayında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) və Xorvatiyanın "Uljanik" tərsanəsi arasında Azərbaycan üçün yeni bərələrin alınmasına dair müqavilə imzalanıb. Bərələr dünya standartlarına və gəmiçilik sahəsindəki beynəlxalq konvensiyanın tələblərinə tam uyğun olacaq. Müqaviləyə uyğun olaraq Azərbaycan üçün bərələr "2+3" sxemi üzrə inşa ediləcək. Bir bərənin tikintisinin dəyəri 22 milyon avro təşkil edir.

Bəşirovun sözlərinə görə, bərələrə 54-56 vaqon yerləşəcək, sərnişin tutumu 24 nəfərədək olacaq.

Bəşirov deyib ki, bərələrin alınması üçün vəsaitin bir hissəsi artgıq ödənilib və tikinti işlərinə artıq başlanılıb.

Bərələr Volqa-Baltik kanalında gəmiçilik mövsümü başa çatanadək Azərbaycana gətiriləcək.

"DXDG öz parkını yeniləmək məqsədilə həm tankerlər, həm də quru yük gəmiləri almaq fikrindədir. Azərbaycanın gəmiçilik şirkətinin sərəncamında olan gəmilərin müəyyən hissəsinin istismar müddəti artıq 30 ilə yaxın təşkil edir, halbuki Beynəlxalq Dəniz Təşkilatının tələblərinə və bp, Shevron kimi bəzi xarici şirkətlərin sorğularına uyğun olaraq bu müddət maksimum 15 il təşkil etməlidir. DXDG öz parkını yeniləmək fikrindədir", - Bəşirov qeyd edib.

Onun sözlərinə görə, DXDG-nin balansında olan gəmilər uzun müddətdir istismar edilsə də, onların hamısı lazım olan texniki tələblərə uyğundur.

Bəşirov gələn ilin dövlət büdcəsində gəmiçilik donanması üçün yeni gəmilərin alınması məqsədilə vəsaitin ayrılacağına ümidini ifadə edib.

Hazırda DXDG-nin balansında 115-ə yaxın gəmi var ki, onların 80-ə yaxını nəqliyyat (quru yük gəmisi, tankerlər), yerdə qalan hissəsi isə yardımçı gəmilərdir.

DXDG və "Uljanik" tərsanəsinin əməkdaşlığı 1984-cü ildən davam edir. Gəmiçiliyin balansında olan bütün bərələr məhz bu gəmiqayırma şirkəti tərəfindən inşa edilib.

Xəbər lenti

Xəbər lenti