...

Oğuz-Qəbələ-Bakı su kəməri ilin sonuna qədər tam gücü ilə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 15:20 (UTC +04:00)
İlin sonuna qədər Oğuz-Qəbələ-Bakı su kəmərinin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kubmetrə çatacaq.
Oğuz-Qəbələ-Bakı su kəməri ilin sonuna qədər tam gücü ilə işləyəcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

İlin sonuna qədər Oğuz-Qəbələ-Bakı su kəmərinin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kubmetrə çatacaq. Trend-in məlumatına görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çərşənbə xaşamı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Bu barədə çərşənbə günü rəsmi mətbuatda yayılan məlumatda bildirilir.

"Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta ötürülən su sərfi saniyədə 4,3 kubmetrə çatdırılıb", - Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə öz axını ilə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsini təmin edir.

"Şəhərin şərq hissəsinə digər mənbələrdən verilən suyun artırılması hesabına Nizami, Xətai, Suraxanı rayonlarının 2-3 gündən bir su alan ərazisinə indi hər gün səhər və axşam su verilir. Görülən tədbirlər nəticəsində 20-ci Sahə, Badamdar, Lökbatan, Yeni Yasamal, Hövsan, Əhmədli və 8-ci Kilometr yaşayış sahələrinin içməli su ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb", - Hüseynov deyib.

ASC sədrinin sözlərinə görə, görülən tədbirlər nəticəsində 20-ci Sahə, Badamdar, Lökbatan, Yeni Yasamal, Hövsan, Əhmədli və 8-ci Kilometr yaşayış sahələrinin içməli su ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.

"Kəmərin istismara verilməsi ilə yay aylarında gərgin rejimdə işləyən Ceyranbatan və Kür su kəmərlərinin hidravlik iş rejimləri normallaşıb. Nəticədə magistral kəmərlərdə baş verən qəzaların sayı əhəmiyyətli dərəcədə azalıb", - Hüseynov bildirib.

Onun sözlərinə görə, cari ilin yanvar-iyun aylarında cəmiyyətin müəssisə və təşkilatları tərəfindən istehlakçılara 135 milyon kubmetr həcmində su satılıb və onun 74,8 faizinin haqqı yığılıb.

Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin dekabrında istismara verilib.

2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulub və tikinti işlərinə başlanıb. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılıb, yarımstansiya quraşdırılıb. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilib, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunub.

Bu günədək paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl üzrə su ilə təmin olunurdu. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra əhalinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaq. Cədvələ uyğun su verilməsi müddəti 2 dəfəyə qədər artacaq.

Paytaxtda yeni su xətləri çəkiləcək, mövcud kiçik diametrli borular böyükləri ilə əvəz olunacaq və bununla da yaxın bir neçə ildə şəhərə cədvəl üzrə su verilməsi tamamilə aradan qaldırılacaq. Bakıətrafı yaşayış məntəqələrində isə bu problem yeni su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə həllini tapacaq.

Oğuz-Qəbələ-Bakı su kəmərinin sonuncu nöqtəsi olan və dəniz səviyyəsindən 190 metr yüksəklikdə yaradılan Abşeron qurğular kompleksi paytaxtın 17-ci kilometrliyində yerləşir. Burada kəmərin idarə olunması üçün bütün infrastruktur müasir səviyyədə qurulub. Layihə üzrə idarəetmə və nəzarətin beynəlxalq təcrübəyə uyğun reallaşdırılması üçün tender yolu ilə Almaniyanın "CES Consaulting Engineers Salzgitter" şirkəti seçilib.

Su kəmərinin layihələndirilməsi və tikintisi "Turan Xəzinədaroğlu İnşaat və Ticarət" - "Tekser İnşaat Sənaye və Ticarət" - "Gəncə körpü tikinti-2" hüquqi şəxslər birliyi tərəfindən həyata keçirilib.

"Azərsu" ASC-nin məlumatına görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin ümumi dəyəri 480 milyon manat məbləğində qiymətləndirilir.

İyulun 13-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti