...

Azərbaycanda yüksəkkeyfiyyətli taxıl və toxum istehsalı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 10:11 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yüksəkkeyfiyyətli taxıl və toxum istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan edib.
Azərbaycanda yüksəkkeyfiyyətli taxıl və toxum istehsalı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yüksəkkeyfiyyətli taxıl və toxum istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan edib. Bu barədə Trend-ə nazirlikdən verilən məlumatda deyilir.

Nazirlik investisiya layihəsi çərçivəsində görüləcək işlərə dair aşağıdakı tövsiyələri verir:

- iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması və ya kiçik təsərrüfatların könüllülük prinsipi əsasında birləşməklə, böyük taxıl və toxum istehsalı təsərrüfatlarının təşkil olunması;

- taxılçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək keyfiyyətli məhsuldar toxumların (orijinal, superelit, elit, R1 və R2), o cümlədən müxtəlif aqrotexniki maşın, texnika və dərman preparatlarının alınması, taxıl və toxumun saxlanması üçün müasir tələblərə cavab verən anbar komplekslərinin yaradılması;

- taxılçılıq və toxumçuluğun davamlı-elmi təminatının yaxşılaşdırılması və qabaqcıl təcrübənin öyrənilməsi üçün dövlətin dəstəyi ilə ixtisaslı mütəxəssis-kadrların və peşə yönümlü işçilərin inkişaf etmiş ölkələrdə təlim kurslarında iştirakı;

- investisiya layihəsi çərçivəsində yüksək keyfiyyətli və məhsuldar buğda toxumunun əkilməsi;

- taxılçılıq (toxumçuluq) təsərrüfatları tərəfindən yüksək keyfiyyətli və məhsuldar taxıl (toxum) yetişdirilməs i məqsədilə müvafiq rayonlaşdırılmış torpaq sahələri və əlverişli infrastrukturun təmin olunması;

- aqrotexniki, ekoloji və digər qaydalara və tələblərə əməl olunmaqla taxıl yetişdirilməsi məqsədilə təsərrüfatların təcrübəli mütəxəssis (aqronom) və müvafiq kənd təsərrüfatı texnikası ilə təmin edilməsi;

- investisiya layihəsi çərçivəsində melorasiya, irriqasiya işlərinin aparılması və müasir suvarma sistemlərinin yaradılması.

Sahibkarlıq subyektləri investisiya layihələrinə dair məlumatları müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə təqdim etməlidirlər.

İnvestisiya layihələrinin maliyyələşdirilməsi Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin güzəştli kreditləri və Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına həyata keçiriləcək.

Əlavə məlumat üçün: İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172; əlaqələndici şəxs: Samir Hümbətov; telefonlar: (012) 432-39-69, 433-63-66; faks: (012) 433-63-68; e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti