...

Azərbaycanın Milli Depozit Mərkəzi bazarda mərkəzi post treyd təşkilatı olmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2011 14:07 (UTC +04:00)
Milli Depozit Mərkəzinin 2011-ci ilin birinci yarımilliyinin nəticələrinin müzakirəsinə həsr edilmiş Səhmdarların Növbədənkənar Ümumi Yığıncağında mərkəzin elektron xidmətlər istiqamətində işinin sürətləndirilməsi və operativliyinin artırılması barədə qərar qəbul edilib.
Azərbaycanın Milli Depozit Mərkəzi bazarda mərkəzi post treyd təşkilatı olmaq niyyətindədir

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir N.İsmayılova/

Milli Depozit Mərkəzinin 2011-ci ilin birinci yarımilliyinin nəticələrinin müzakirəsinə həsr edilmiş Səhmdarların Növbədənkənar Ümumi Yığıncağında mərkəzin elektron xidmətlər istiqamətində işinin sürətləndirilməsi və operativliyinin artırılması barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə MDM-in cümə axşamı yaydığı məlumatda deyilir.

"Hesabat dövrü ərzində depozitar və reyestrsaxlayıcı fəaliyyəti üzrə əməliyyatların avtomatlaşdırılması prosesi intensivləşdirilmiş və gələcəkdə tətbiq edilə biləcək yeni elektron xidmət sahələrinin bünövrəsi qoyulub", - məlumatda deyilir.

MDM fond bazarının yeni arxitekturasının işlənilməsi layihələrində də yaxından iştirak edir və QKDK tərəfindən hazırlanmış "Qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramı"na və "Qiymətli kağızlar haqqında" yeni qanun layihəsinə müvafiq olaraq bazarda mərkəzi post treyd təşkilatı kimi özünün yeni inkişaf istiqamətlərini müəyyən edib.

Hesabat dövrü ərzində MDM-də saxlanmaya cəlb edilən aktivlərin həcmi 4,4 milyard manata çatıb. O cümlədən, 19 yeni emitentlə müqavilə bağlanıb, 393 milyon manat həcmində 132 yeni emissiya qeydiyyata alınıb.

MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Dövlət Əmlak Komitəsi çıxış edirdi. QKDK-nın yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.

Avqustun 11-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti