Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir N.İsmayılova/
"Texnika Bank"ın 100 faizlik mülkiyyətində olan TexKart Prosessinq Mərkəzi kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulub. Bu barədə çərşənbə axşamı bankın idarə heyətinin sədri Samir Hüseynov deyib.
"İndi bankın plastik kart sahibləri bütün kommunal ödənişlər, eləcə də APUS sisteminin yeni modulu istismara verildikdən sonra yol hərəkəti qaydalarının pozulmasına görə ödənişlər edə biləcəklər", - Hüseynov qeyd edib.
Onun sözlərinə görə, hazırda bank tərəfindən 59 min plastik kart buraxılıb.
APUS sistemi mərkəzləşdirilmiş ödənişlərin təmin edilməsi məqsədilə SİNAM şirkətinin texniki dəstəyi ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilib. Bu günə kimi sözügedən sistem qaz, su və elektrik enerjisinə görə kommunal ödənişləri qəbul edirdi. 2008-ci ildən APUS sisteminə 37 bank qoşulub; ödənişlər 1458 məntəqədə qəbul olunur. 2010-cu ildə kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi vasitəsilə 184 milyon manat ümumi dəyəri olan 11 milyon ödəniş edilib.
"Texnikabank" bank bazarında 1993-cü ildən fəaliyyət göstərir və 2007-ci ilədək 100 faiz Azərbaycan bankı olub. Bu gün bankın majoritar səhmdarı kimi "World Wines" şirkəti çıxış edir. Şirkət bankın səhmlərinin 75 faizinə sahibdir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, ABŞ-ın "Kazimir Investment Caspian Fund" holdinqi isə səhmlərin 10 faizinə nəzarət edir.