...

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 100 milyard dolları ötüb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2011 13:51 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 100 milyard dolları ötüb.
Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 100 milyard dolları ötüb - nazir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 100 milyard dolları ötüb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

"Bu vəsaitlərin təxminən yarısı xarici kapitalın, onun da böyük hissəsi enerji sektorunun payınaa düşür", - Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra ölkə iqtisadiyyatının inkişaf tarixini üç mərhələyə bölmək olar: 1994-cü ilədək tənəzzül dövrü, 1994-2003-cü illər stabillik və ardıcıl inkişaf dövrü və 2003-cü ildən indiyə kimi dinamik inkişaf dövrü.

"1991-1994-ci illər ölkənin ÜDM-i orta hesabla ildə 13-20 faiz, adambaşına düşən ÜDM isə bu dövrdə 72 faiz azalıb. Əhalinin gəlirləri bu illər ərzində 13,6, adambaşına düşən gəlirlər isə 1,4 dəfə azalıb. Əməkhaqqı 8,2 dəfə azalıb, hiperinflyasiya 1994-cü ildə 1700 faizi ötüb", - Mustaafayev deyib.

Nazirin sözlərinə görə, 1995-2003-cü illər ərzində ÜDM-in orta illik artımı 9 faiz, adambaşına düşən ÜDM 3 dəfə, orta aylıq əməkhaqqı isə 5,3 dəfə artıb. Xarici investisiya qoyuluşları 10 dəfə, daxili qoyuluşlar 5 dəfə, büdcə gəlirləri 3 dəfə artıb, büdcənin defisiti minimum azalıb.

"İstehlak qiymətləri indeksi 1994-cü ildə 512 faiz idi, 2003-cü ildə isə bu göstərici 2,2 faizə kimi düşüb. Özəl sektorun ÜDM-dəki payı 2003-cü ildə 73 faizə qədər artıb", - o deyib.

Mustafayevin sözlərinə görə, 2004-2011-ci illərdə ÜDM orta hesabla 14 faiz, o cümlədən qeyri-neft ÜDM-i 9 faiz artıb.

"Son iki il Azərbaycanda qeyri-neft ÜDM-nin neft ÜDM-i üzərində artım templəri müşahidə olunur. Bizim strateji məqsədimiz bu tendensiyanı qorumaqdır", - Mustafayev deyib.

Nazirin sözlərinə görə, 2004-2011-ci illərdə adambaşına düşən ÜDM 5 dəfə, ÜDM-də özəl sektorun payı isə 81,7 faizədək artıb.

"Xarici borcun ÜDM-ə olan nisbəti 2003-cü ildəki 18 faizdən indiki 7 faizə kimi aşağı düşüb. Strateji valyuta ehtiyatları 40 milyard dolları ötüb ki, bu da xarici borc həcmindən 8 dəfə çoxdur. Bu dövrdə Azərbaycana qoyulan investisiyalar 2,4 dəfə artıb, bunların 1,5 faizi xarici, 5,5 faizi daxilidir. Həmin dövrdə büdcənin gəlirləri hər il orta hesabla 24 faiz artıb, büdcənin defisiti hazırda 1 faizdən aşağı səviyyədədir", - o deyib.

İqtisadi inkişaf nazirinin sözlərinə görə, 2004-2011-ci illərdə əhalinin gəlirləri 2,6 dəfə, pensiyaların orta ölçüsü 6,3 dəfə, minimal əməkhaqqı isə 4 dəfə artıb.

Yoxsulluq səviyyəsi 2002-ci ildəki 49 faizdən 2011-ci ildə 9,1 faizədək azalıb. 2004-cü ildən Azərbaycanın xarici ticarətində müsbət saldo qorunur.

"Bu gün deyə bilərik ki, Azərbaycan iqtisadiyyatında bazar iqtisadiyyatına keçid tamamilə başa çatıb", - Mustafayev bildirib.

Xəbər lenti

Xəbər lenti