...

"NBC Bank" regionlarda filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2011 12:10 (UTC +04:00)
Sentyabrın 24-də Lənkəran şəhərində "NBC Bank" ASC-nin cənub regionunda ilk filialının açılış mərasimi keçirilib.
"NBC Bank" regionlarda filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Sentyabrın 24-də Lənkəran şəhərində "NBC Bank" ASC-nin cənub regionunda ilk filialının açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan "Nurgün" Şirkətlər Qrupunun vitse-prezidenti Müşfiq Səfiyev Azərbaycan iqtisadiyyatının son illər əldə etdiyi uğurlardan danışıb.

Səfiyev Azərbaycanın sürətlə inkişaf edən regionlarından olan cənub regionunda və regionun mərkəzi sayılan Lənkəran şəhərində yeni filialının açılmasının bölgədə kiçik və orta sahibkarlığın inkişafına təkan verəcəyini qeyd edib.

Vitse-prezident bankın keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, "NBC Bank" 19 illik fəaliyyəti dövründə istehlakçılara keyfiyyətli və sərfəli bank məhsulu və xidməti təklif edib.

Daha sonra "NBC Bank" ASC İdarə Heyətinin Sədri Fuad Qənbərov çıxış edərək, 1992-ci ildən fəaliyyət göstərən bankın əhatə dairəsinin getdikcə genişləndiyini, Baki ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də filialların fəaliyyət göstərdiyini bildirib.

Qənbərov qeyd edib ki, son illər iqtisadi cəhətdən dinamik templərlə irəliləyən Azərbaycanın inkişafında cənub bölgəsinin rolu böyükdür və bu amili nəzərə alaraq bank Lənkəran rayonunda da filial açmağa qərar verib.

"NBC Bank"ın Lənkəran filialının fəaliyyətində əsas prioritet kiçik və orta biznesin maliyyələşdirilməsi istiqamətində olacaqdır. Bundan əlavə, burada həm fiziki, həm də hüquqi şəxslər üçün nəzərdə tutulan müxtəlif növ bank əməliyyatları - hesabların açılması, depozit, bank zəmanəti və akkreditivlər, istehlak kreditləri, biznes və avtomobil kreditləri, plastik kartlarla əməliyyatlar, mobil rabitə operatorları üzrə ödənişlər, kommunal xidmət ödənişləri, valyuta mübadiləsi və s. həyata keçiriləcəkdir.

Qənbərov bundan sonra da regionların inkişafına "NBC Bank" olaraq öz töhfələrini verəcəklərini əlavə edib.

Açılışda Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Asif Əliyev də deyilənlərə qoşularaq, təbriklərini dilə gətirib.

Bankın açılışını simvolizə edən qırmızı lent kəsildikdən sonra qonaqlar bankda yaradılan şəraitlə yaxından tanış olublar.

"NBC Bank" ASC-nin sayca doqquzuncu olan Lənkəran filialı Mir-Mustafaxan küçəsi, 30 ünvanında yerləşir.

Xəbər lenti

Xəbər lenti