Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Azərbaycanda "ÇıtÇıt" nişanlı qablaşdırılmış suxarıların istehsalına və satışına qadağa qoyulub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, M.Nərimanov küçəsi, 4 ünvanında yerləşən "İsmayıloğlu-2009" MMC-də istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı dövlət nəzarəti aparılıb.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan suxarılar normativ sənədi olmadan və resepturasız istehsal olunub. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisədə saxlanılan qablaşdırılmış 5000 ədəd "ÇıtÇıt" nişanlı suxarının istehsalına və satışına İdarə tərəfindən qadağa qoyulub.
Bundan başqa, dövlət nəzarəti nəticəsində müəyyən olunmuş uyğunluq sertifikatı olmadan istehsal olunan 60 kq miqdarında nabat şəkilli karamelin satışına da qadağa qoyulub. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən normativ sənədsiz və sertifikatsız məhsul istehsalına görə müəssisəyə cərimə tətbiq edilib.