...

Azərbaycanda özəl sektor vergi ödənişlərini 40 faiz artırıb - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2011 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

İlkin məlumatlara görə, ilin doqquz ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 4 065,6 milyon manat köçürülməsi təmin edilib ki, bu da ötən ilin analoji dövründəkindən 30 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov cümə günü "Bakinski raboçi" qəzetində dərc olunmuş müsahibəsində bildirib.

"2 881,8 milyon manat və ya 70,9 faiz vergi daxilolmaları özəl sektorun payına düşür. Bu zaman özəl sektorda vergi yığımlarının səviyyəsi ötən illə müqayisədə 40,5 faiz artıb", - Ələkbərov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorundan büdcəyə vergi daxilolmaları 2 156,9 milyon manat təşkil edir ki, bu da ötən ilin analoji dövründəkindən 22,2 faiz çoxdur.

"Müasir mərhələdə vergi orqanlarının işinin xarakteri dəyişib. Əgər əvvəllər vergi orqanları əməkdaşları bilavasitə vergi yığımı prosesinin özü ilə daha çox məşğul idilərsə, bu gün ön plana vergiödəyicilər tərəfindən vergilərin könüllü ödənilməsinin təmin olunması çıxır və əməkdaşlarımız analitik işlərlə, vergilərin könüllü toplanması səviyyəsinin artırılması üçün şəraitin yaradılması və vergiödəyicilərə zəruri xidmət və köməyin göstərilməsi ilə daha çox məşğuldurlar", - nazir müavini deyib.

Onun sözlərinə görə, nazirliyin göstərdiyi elektron vergi xidmətləri vergiödəyicilərin vəzifəsini əhəmiyyətli dərəcədə asanlaşdırıb. Vergi bəyannamələrinin elektron formada verilməsi onların tərtibatının düzgünlüyünə nəzarət etməyə, bəyannamələri elektron formatda saxlamağa, real vaxt rejimində şəxsi vərəqələrə baxmağa imkan verir. Bəyannamələri vermək üçün vergi orqanına gəlmək lazım deyil. Vergi ödəyici bunu istənilən yerdə olarkən, onlar üçün əlverişli vaxtda edə bilərlər.

Oktyabrın 7-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti