Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan bankı "Nikoil Bank" yeni islam bankçılığı məhsulunun hazırlanmasını başa çatdırıb. Bu barədə cümə günü Trend-ə bankın Biznesin inkişafı departamenti yanında islam bankçılığı məhsullarının inkişafı üzrə aparıcı meneceri Anar Yusifzadə bildirib.
"Bank təcili depoziti təşkil edəcək yeni islam bankçılığı məhsulunun hazırlanmasını başa çatdırıb. Bu gün onun bazara çıxarılmasının razılaşdırılması üzrə işlər aparılır", - o deyib.
Yusifzadənin sözlərinə görə, hələlik məhsulun bazara çıxarılmasının dəqiq tarixi məlum deyil.
Bu gün bazarda yeganə islam bankçılığı məhsulu olan "Nikoil Bank"ın "Vadiə əd Damənə" məhsulu özündə faizlərin hesablanmadığı əmanət depozitlərini ehtiva edir, vəsaitlər isə hesabdan istənilən vaxt silinə bilər. Bank məhsulu bazara cari ilin mayında çıxarıb.
Hazırda "Nikoil Bank" belə xidmət göstərən ilk Azərbaycan bankıdır. Bundan əvvəl Əmrahbank, Turanbank, Texnikabank islam bankçılığı xidmətlərinin göstərilməsinə başlamaq üzrə niyyətlərini bəyan ediblər. Azərbaycan Beynəlxalq Bankı artıq bu gün islam bankçılığı xidmətlərinin tətbiqi üzrə məsləhətçi cəlb edib və müvafiq qanunvericiliyin hazırlanması təşəbbüsü ilə çıxış edib.
"Nikoil Bank" 1997-ci ildən, "Azərbaycan İnvestisiya Şirkəti Nikoil (Nikoil AİŞ) yaradılandan fəaliyyətə başlayıb. 1998-ci ildən Nikoil AİŞ "Ülpər" KB-nin səhmdarı olub. 2008-ci ildə "Topaz İnvestments" şirkəti tərəfindən "Nikoil" SKB-nın nəzarət paketinin alışından sonra o, səhmdarların tərkibinə daxil olub.
Sövdələşmənin imzalanmasından sonra səhmdarlar arasında iştirak payı aşağıdakı kimi paylanıb: "Topaz İnvestments" - 53,1 faiz, Nikoil QSC - 28,7 faiz, "Uralsib-İnvest" MMC - 13,9 faiz, ISR Holding - 4,3 faiz.
Oktyabrın 14-nə olan rəsmi məzənnə 0, 7869 AZN/USD təşkil edir.