Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız mallar aşkar edilib.
Trend-in cümə axşamı nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakının Xətai rayonunda, Qusar, Yevlax, Şəmkir, Gəncə, Göyçay, Xaçmaz şəhərlərində, Ağdam, Bərdə və Ucar rayonlarında aparılan monitorinqlər zamanı ümumi çəkisi 140 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.