...

AccessBank AFFA ilə birgə Azərbaycan regionlarında futbolu inkişaf etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2011 17:43 (UTC +04:00)
"AccessBank" Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Gəncə, Mingəçevir və İmişli şəhərlərində mobil futbol meydançalarının quraşdırılması üzrə layihəni uğurla başa çatdırıb.
AccessBank AFFA ilə birgə Azərbaycan regionlarında futbolu inkişaf etdirir

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

"AccessBank" Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Gəncə, Mingəçevir və İmişli şəhərlərində mobil futbol meydançalarının quraşdırılması üzrə layihəni uğurla başa çatdırıb.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu layihənin gedişində AccessBank Gəncə şəhər Gənclər və İdman Baş Idarəsi ilə birlikdə yeniyetmə qızlar arasında futbol turniri təşkil edib. Bu turnir AccessBank-ın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində təşkil olunub və dahi şair Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr edilib. Gəncədə bu cür turnir ilk dəfə təşkil olunub və iki gün davam edib. Gəncədən sonra mobil futbol meydançaları Mingəçevir və İmişli şəhərlərində də quraşdırılıb.

"AFFA ilk dəfə olaraq, mobil futbol meydançalarının quraşdırılması layihəsinə başlayıb və bu layihə ictimaiyyət tərəfindən müsbət qarşılanıb. İstənilən yaşlı uşaqlar Bakıda, eləcə də respublikamızın digər şəhər və regionlarında quraşdırılmış meydançalarda hər zaman pulsuz olaraq futbol oynaya bilərlər. Başqa sözlə, səyyar meydançaların quraşdırılması "Futbol oynayaq, sağlamlığı qoruyaq" layihəsinin həyata keçirilməsində müsbət rol oynayıb. Sevindirici haldır ki, AFFA-nın tərəfdaşlarından biri olan AccessBank mobil futbol meydançalarının quraşdırılması layihəsinin sosial tərəfinə xüsusi diqqət yetirib. AccessBank tərəfindən Gəncə, Mingəçevir və İmişli şəhərlərində mobil futbol meydançalarının quraşdırılması, eləcə də Gəncədə qızlar arasında futbol turnirinin keçirilməsi təqdirəlayiqdir. Düşünürəm ki, bu cür layihələr mütəmadi qaydada həyata keçirilməlidir. Bu halda uşaqlar futbol oynamaqla bərabər, ümumilikdə idmanla məşğul ola bilərlər", - AFFA-nın baş katibi Elxan Məmmədov bu layihəni şərh edərək deyib.

"AccessBank Azərbaycanın iqtisadi inkişafı ilə bərabər, sağlam cəmiyyətin də inkişafına müsbət töhfə verməyə çalışır. Biz Azərbaycanda, xüsusən, uşaqlar və qızlar arasında futbolun inkişaf etdirilməsi sahəsində AFFA ilə əməkdaşlığımızdan qürur duyuruq. İnanırıq ki, bu, gənclər arasında həm sağlamlığın və özünə inamın möhkəmləndirilməsi, həm də komanda ruhunun gücləndirilməsi üçün çox önəmlidir", - AccessBank-ın baş meneceri Andrev Pospilovski bildirib.

2010-cu ildən etibarən AccessBank AFFA-nın və Azərbaycan milli futbol komandalarının, o cümlədən qadın yığma komandalarının, futzal və çimərlik futbolu üzrə Azərbaycan yığmasının və yeniyetmə yığma komandalarının rəsmi sponsorudur.

AccessBank-ın missiyası Azərbaycanda mikro və kiçik biznesmenlərin, eləcə də aşağı və orta gəlirli ailələrin maliyyə xidmətlərindən istifadə etmələrinə imkan yaratmaqdan ibarətdir. AccessBank Fitch Beynəlxalq reytinq agentliyi tərəfindən, Azərbaycanın özəl bankları arasında ən etibarlı bank elan edilib (BB+). Bundan əlavə, 2011-ci ildə "Global Finance" jurnalı, 2010-cu və 2011-ci illərdə isə "Euromoney" Nəşriyyat Qrupu tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adınа layiq görülüb. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur. Bunlar Avropa Yenidənqurma və Inkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti