...

"Təmiz şəhər naminə" fotomüsabiqəsinin yekunları açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 15:59 (UTC +04:00)
"Təmiz Şəhər" ASC tərəfindən iyul ayında elan edilmiş "Təmiz şəhər naminə" mobiloqrafiya fotomüsabiqəsi başa çatıb.
"Təmiz şəhər naminə" fotomüsabiqəsinin yekunları açıqlanıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Tullantıların idarə edilməsi sahəsində ekoloji maarifləndirmə işlərinə hər zaman böyük önəm verən "Təmiz Şəhər" ASC tərəfindən iyul ayında elan edilmiş "Təmiz şəhər naminə" mobiloqrafiya fotomüsabiqəsi başa çatıb. Trend-in məlumatına görə, bu barədə ASC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

4 ay davam edən müsabiqə ictimaiyyət, xüsusilə, gənclər tərəfindən çox böyük maraqla qarşılanıb. Yarışmanın şərtlərinə əsasən, peşəkar fotoçəkiliş üçün nəzərdə tutulmayan rəqəmsal kameralı avadanlığı (mobil telefon, noutbuk, planşet kompüter və s.) olan hər kəs yarışmaya qatıla bilərdi. İki minə qədər istifadəçinin qeydiyyatdan keçdiyi fotomüsabiqənin rəsmi internet səhifəsində yarışmanın şərtlərinə cavab verən 58 fotoşəkil yerləşdirilib və 15 gün davam edən səsvermə nəticəsində birinci nominasiya üzrə qalib seçilib. Həmçinin, şəhərimizin təmizliyinin qorunub saxlanması və şəhəri çirkləndirənlərin ifşa olunması, sakinlərin dürüst davranışı və ictimaiyyətin rolunu əks etdirən digər fotoşəkillər səsvermə ilə yanaşı, münsiflər heyəti tərəfindən 4 nominasiya üzrə (ən yaradıcı foto, ən tərbiyəvi foto, ən peşəkar foto, ən qeyri-adi foto) qiymətləndirilib.

5 dekabr tarixində "Park INN" hotelində "Təmiz şəhər naminə" fotomüsabiqəsinin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov son zamanlar gənclərin ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması məsələlərinə böyük maraq göstərməsinin çox sevindirici hal olduğunu qeyd edib. İbrahimov, həmçinin, mövcud ekoloji problemlərin həllində dövlət və dövlət qurumlarının əməyi ilə birlikdə ictimaiyyətin dəstəyinin əvəzolunmaz olduğunu vurğulayıb.

Tədbirin sonunda 5 nominasiya üzrə qalib gəlmiş gənc fotoqraflar "Təmiz Şəhər" ASC tərəfindən sertifikat və qiymətli hədiyyələrlə təltif ediliblər.

"Təmiz şəhər naminə" mobiloqrafiya fotomüsabiqəsinin əsas məqsədi ətraf mühitin mühafizəsi və ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək, tullantıların idarə edilməsi sahəsində ekoloji maarifləndirmə və bu sahədə əhalinin fəal iştirakını təmin etmək idi.

Xəbər lenti

Xəbər lenti