Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Axundov/
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq Azərbaycanda icbari sığorta üzrə müqavilə bağlamamağa görə fiziki şəxslər üçün cərimənin məbləği 10 manat, vəzifəli şəxslər üçün 60 manatdan 80 manatadək, hüquqi şəxslər üçün 150 manatdan 200 manatadək müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə İcbari Sığorta Bürosunun bazar ertəsi yaydığı məlumatda deyilir.
Sığorta şirkətləri "İcbari sığortalar haqqında" qanunun icrasına praktiki olaraq 16 dekabr 2011-ci ildən başlayıblar.
"İcbari sığorta növləri haqqında" qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyət, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.
"Mənzil daşınmaz əmlakının sığortası üzrə müqavilənin bağlanmamasına görə cərimələri yerli icra hakimiyyəti orqanları, əmlakın başqa növləri üzrə isə Fövqəladə Hallar Nazirliyi, avtomobil sığortası (OSAQO) üzrə isə Dövlət Yol Polisi toplayacaq. Nəqliyyatın növündən asılı olarq sərnişinlərin sığortası üzrə cərimələri Dövlət Dəniz Administrasiyası, Mülki Aviasiya Administrasiyası və Nəqliyyat Nazirliyi toplayacaq", - bu barədə bazar ertəsi Trend-ə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.
"Yeni qanunun tətbiqi prosesində vətəndaşalrın aktiv iştirakı öz sağlamlığına və əmlakına hörməti nümayiş etdirir", - Xəlilov bildirib.
Köhnə qanundan fərqli olaraq, yeni qanunda sığorta ödənişlərinin yalnız bileti olan sərnişinlərə tətbiq edilməsi praktikasından imtina edilib. Yəni, sığorta bütün sərnişinlər üçün nəzərdə tutulub.
Sərnişinlərin icbari sığortası şəhərlərarası və beynəlxalq hava, dəmir yolu və avtomobil nəqliyyatı sərnişinlərinin həyatı və sağlamlığına dəyən zərər zamanı sığorta ödənişlərini nəzərdə tutur.
Dekabrın 19-na rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.