...

Azərbaycanda 6 şirkət kapital bazarlarının müasirləşdirilməsi uğrunda mübarizə aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2011 17:20 (UTC +04:00)
Azərbaycan hökuməti və Dünya Bankı arasında "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq, məsləhətçi şirkətin seçilməsi üçün tender prosesinin ilkin mərhələsi həyata keçirilib.
Azərbaycanda 6 şirkət kapital bazarlarının müasirləşdirilməsi uğrunda mübarizə aparacaq

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycan hökuməti və Dünya Bankı arasında "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq, məsləhətçi şirkətin seçilməsi üçün tender prosesinin ilkin mərhələsi həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə Azərbaycan Prezidentinin 2011-ci il 16 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etməkdir. Layihənin icrası ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi üçün maraqların ifadə olunması ilə əlaqədar 11 oktyabr 2011-ci il tarixində yerli və xarici kütləvi informasiya vasitələrində elan dərc edilib.

31oktyabr 2011-ci il tarixinədək layihədə iştirakla əlaqədar ABŞ, Almaniya, Fransa, İsveç, Türkiyə, Avstraliya, Yaponiyadan, bütövlükdə 22 inkişaf etmiş ölkədən 46 təşkilatın iştirakı ilə 20 maraqların ifadəsi daxil olub.

Qiymətləndirmə nəticəsində 6 təşkilat ("Corporate solutions", "Deloitte & Touche LLC", "DLA Piper", "Türkiyə kapital bazarları şurası", "NASDAQ OMX", "Adetef") müəyyən edilib və qısa siyahıya salınıb.

Növbəti mərhələdə qeyd olunan təşkilatlar öz maliyyə və texniki təkliflərini Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər və bundan sonra layihənin icrası üçün bir təşkilat seçiləcək.

Xəbər lenti

Xəbər lenti