...

Apreldə Bakıda yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksi ilə bağlı forum keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Bu ilin 10-12 aprel tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə Bakıda yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQNK) yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forum keçiriləcək.

NQNK Forumunun təşkilatçıları qismində "Iteca Caspian" və "INBC Consulting" şirkətləri çıxış edirlər. Tədbirin informasiya dəstəyi isə Trend Beynəlxalq İnformasiya Agentliyi, habelə "Day.az" və "Milli.az" informasiya portalları tərəfindən təmin olunacaq.

Forumun məqsədi bir çox şirkətlərə, o cümlədən potensial lisenziarlara, mühəndis-layihələndirmə, təchizat, tikinti və digər podratçı şirkətlərə, texnoloji proseslər üzrə məsləhətçilərə, neftin emalı və neft emalı və neft-kimya məhsullarının istehsalı qurğularının dünya üzrə məşhur istehsalçılarına, habelə maliyyə strukturları, hüquq ekspertləri və ekoloji məsələlər üzrə məsləhətçilərə, neft emalı və neft-kimya məhsullarının alıcılarına, loqistika (maddi-texniki təchizat), servis və digər şirkətlərə sözügedən layihə haqqında məlumat verməkdir.

Layihə ilə tanış olmaq imkanı ilə yanaşı, həmin Forum dünyanın qabaqcıl şirkətlərinə (rəhbərlik və digər yüksək rütbəli nümayəndələr səviyyəsində) neft-qaz emalı və neft-kimya sahəsindəki təcrübələrini, texnologiyaları və digər resursları və innovasiya xarakterli həll variantlarını təqdim etmək üçün unikal imkan yaradır.

Açılışı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tərəfindən planlaşdırılan bu Forumda müvafiq dövlət strukturlarının yüksək rütbəli məmurları, ARDNŞ-nin vitse-prezidentləri, habelə neft-qaz və neft-kimya sektorları üzrə elm xadimlərinin iştirakı və çıxışları gözlənilir. Eyni zamanda, Forumun formatı belə layihələr üçün unikal olan sənaye texnologiyalarını, eləcə də öz təcrübə və biliklərini təqdim edəcək aparıcı dünya şirkətlərinin rəhbər simalarının çıxışlarından ibarət sessiyaların keçirilməsini də nəzərdə tutur. Forumun sonuncu günü isə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Forumda sponsor, məruzəçi və nümayəndə qismində, sərgi stendi təşkil etməklə, həmçinin Forumun kataloqunda reklam yerləşdirməklə iştirak etmək mümkündür.

Beləliklə, bu Forum NQNK layihəsi ilə bağlı etibarlı və ətraflı məlumat əldə etmək baxımından əla imkan olmaqla yanaşı, bazarın əsas iştirakçılarının təcrübəsi ilə də tanış olmağa şərait yaradacaq.

Forum artıq indidən bütün dünyada böyük maraq doğurur.

Bu günə qədər forumda öz iştirakını təsdiq etmiş şirkətlərin siyahısına "Azenco", "Air Liquide", "Air Products", "Axens", "Baker & McKenzie", "Baker Botts LLP", "Daelim", "Daewoo", "Deloitte & Touche LLC", "Dow Chemical", "Fluor", "Foster Wheeler", "Honeywell", "Hyundai E&C", "ING Bank", "JGC Corporation", "KBR", "Lanxess", "Marubeni Corporation", "Mitsui & Co", "Petkim Petrokimya Holding", "Protasis SA", "Shaw Energy & Chemicals", "SNC-Lavalin", "Stamicarbon", "Socar Turkey", "UOP Limited", "Velosi" və bir çox digər şirkətlər daxildir.

Tədbirə birbaşa dəstəyi Forumun baş sponsoru olan ARDNŞ göstərir. Tədbirin sponsorları arasında "Foster Wheeler", "UOP", "Baker & McKenzie", "Stamicarbon" və s. şirkətlər də var.

NQNK layihəsi çərçivəsində illik istehsal gücü müvafiq olaraq 10 mln ton və 10 mlrd kubmetr təşkil edən neft emalı və qaz emalı zavodlarının tikintisi planlaşdırılır. Layihəyə həmçinin hər il təxminən 2 milyon ton baza polimerlərin istehsalını nəzərdə tutan neft-kimya zavodunun inşası daxildir. Yeni kompleksin məqsədləri üçün avtonom enerji blokuna malik olan ümumzavod təsərrüfatının tikintisi planlaşdırılır. Bütövlükdə isə kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaq.

Bakı şəhərindən 60 kilometr aralıda yerləşəcək kompleksin bütövlükdə 2020-ci ildə istismara verilməsi planlaşdırılır.

Hazırda layihənin ümumi dəyəri təxminən 15 milyard ABŞ dolları civarında qiymətləndirilir və ilkin hesablamalara əsasən, layihə kommersiya baxımından cəlbedici sayılır. Qoyulan vəsaitlərin özünü ödəmə müddəti isə təxminən 6-7 il təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti