Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir A.Axundov/
Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsal edilən bütün avtomobillər ABS əyləc sistemi və təhlükəsizlik yastıqları ilə təchiz edilib. Bu barədə çərşənbə axşamı Trend-ə zavodun rəhbəri Musa Abdullayev bildirib.
"Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu ilin may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.
Abdullayevin sözlərinə görə, NAZ bu qərarı tam dəstəkləyir, belə ki, avtomobillərdə yuxarıda sadalanan elementlərin olmaması avtomobil nəqliyyatı vasitələrinin sahiblərini və sərnişinləri təhlükə altına qoyur. Avtomobillərdə bu elementlərin olması dünyada zərurət kimi qəbul edilir.
"Zavodda yığılan "Lifan" avtomobilləri Euro NCAP qiymətləndirilməsi üzrə (aktiv təhlükəsizlik və passiv təhlükəsizlik qiymətləndirilməsi ilə müstəqil kraş-testlərin keçirilməsi üzrə Avropa komitəsi) üç ulduza malikdir və təhlükəsizlik tələblərinə cavab verir", - Abdullayev qeyd edib.