...

Azərbaycanda məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üzrə yeni təlimatların təqdimatı olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 19:19 (UTC +04:00)
Azərbaycanda məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üzrə yeni təlimatların təqdimatı olub.
Azərbaycanda məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üzrə yeni təlimatların təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çərşənbə axşamı Azərbaycan hökuməti və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı" layihəsinin "Əmək bazarında islahatlar" adlı birinci komponentinin "Təkmilləşdirilmiş məşğulluq xidmətləri" və "Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması" tapşırıqlarına uyğun olaraq hazırlanmış təlimatların təqdimatı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Dünya Bankı ilə birgə icra olunan "Sosial müdafiənin inkişafı" layihəsinin ölkəmizdə əmək və sosial müdafiə sahəsində islahatların aparılmasında mühüm rol oynadığını qeyd edib.

Qeyd olunub ki, "Təkmilləşdirilmiş məşğulluq xidmətləri" və "DMX-nin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması" tapşırıqlarını yerinə yetirmək, aktiv əmək bazarı proqramlarının, o cümlədən bu sahədə qanunvericilik və institusional bazanın təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə (DMX) texniki yardımın göstərilməsi üçün nazirlik ilə Böyük Britaniyanın "MHC International" təşkilatı arasında müqavilə imzalanıb.

Tapşırıqların icrasına müvafiq sahə üzrə böyük təcrübəyə malik beynəlxalq ekspertlər - Maykl Hopkins, Con Lorans, Uilyam Ceyms Haus cəlb olunub. İcra prosesinə rəhbərliyi isə professor, Dünya Bankının bir çox layihələrinə rəhbərlik etmiş beynəlxalq ekspert Maykl Hopkins həyata keçirir.

"Təkmilləşdirilmiş məşğulluq xidmətləri" və "DMX-nin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması" üzrə tapşırıqların əsas məqsədi iş axtarışına yardım, əmək yarmarkaları, işəgötürənlər ilə əlaqələr, kiçik biznes məsləhət xidmətləri və s. kimi məşğulluq xidmətlərinin təkmilləşdirilməsidir. Həmçinin, bu sahədə görülən işlər nazirliyin və DMX-nin institusional potensialının gücləndirilməsi vasitəsilə işsiz vətəndaşların qısa zamanda əmək bazarına yenidən daxil olmasına yardım göstərilməsi istiqamətində ölkə üzrə yeni və səmərəli dövlət məşğulluq xidmətlərinin hazırlanması və həyata keçirilməsinə xidmət edir.

Müvafiq tapşırıqlar üzrə təlimatların, həmçinin hazırlanacaq proqramların Bakı, Gəncə şəhərlərində və Göyçay rayonunda sınaq işlərinin aparılması və DMX-nin əməkdaşlarının təlimə cəlb edilməsi nəzərdə tutulur.

Tədbirdə təqdim olunan təlimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti