...

Azərbaycanda dövlət proqramlarının maliyyələşdirilməsinə dair təkliflər hazırlanacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 20:26 (UTC +04:00)
Maliyyə Nazirliyində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələr, o cümlədən 2013-cü il dövlət büdcəsinin tərtibinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Azərbaycanda dövlət proqramlarının maliyyələşdirilməsinə dair təkliflər hazırlanacaq (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycan Maliyyə Nazirliyində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələr, o cümlədən 2013-cü il dövlət büdcəsinin tərtibinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov bildirib ki, 2011-ci ildə ölkə iqtisadiyyatının davamlı artımı təmin edilib, əhalinin sosial rifahı xeyli yüksəlib, dövlətin iqtisadi və sosial tərəqqisinə, valyuta ehtiyatlarının artırılmasına nail olunub, mühüm əhəmiyyət kəsb edən sosial və infrastruktur layihələr reallığa çevrilərək xalqın xidmətinə verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının 2011-ci il icmal büdcəsinin gəlirləri 23,2 mlrd. manat və ya 116,0 faiz, icmal büdcənin xərcləri isə 17,6 mlrd. manat və ya 94,4 faiz icra olub. Dövlət büdcəsinin mədaxili 15,7 mlrd. manat və ya 100,9 faiz, xərcləri isə 15,4 mlrd. manat və ya 96,6 faiz təşkil edib. 2010-cu ilə nisbətən 2011-ci ildə dövlət büdcəsindən təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquqi-mühafizə və prokurorluq orqanlarının saxlanılması, kənd təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə orta hesabla 27,8 faizədək çox vəsait yönəldilib.

2011-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilib, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilib. Qeyd olunub ki, son illər ərzində büdcənin proqnozlaşdırılması xeyli təkmilləşdirilib, büdcə xərclərinin səmərəli istifadəsinə nail olunub.

Əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılmasının əsas prioritet istiqamətlərdən biri olduğunu bildirən Şərifov 2011-ci ildə əməkhaqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərlərin artımının təmin edildiyini xatırladıb. Qeyd edib ki, pensiya təminatı sistemində aparılan islahatlar və 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tədbiq edilməsi nəticəsində əmək pensiyası orta hesabla 40 faiz, ölkədə minimum aylıq əməkhaqqının məbləği, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq vəzifə maaşları müvafiq qaydada artırılıb.

2011-ci ildə dövlət büdcəsi layihəsinin tərtibi prosesinin və xərclərinin strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər davam etdirilib. Nazir bildirib ki, ilk dəfə olaraq 2012-ci il və sonrakı üç ili əhatə edən dövrdə dövlət büdcəsi göstəricilərinin gəlirlərinin təsnifatının və xərclərin funksional təsnifatının bölmələri səviyyəsində, həmçinin həmin dövr üçün icmal büdcənin göstəriciləri hazırlanaraq dövlət büdcəsi layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilib. Eyni zamanda, Milli Məclisə təqdim edilənədək 2012-ci il dövlət büdcəsinin layihəsi, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərcləri və xarici kreditlər hesabına maliyyələşən layihələr barədə məlumatlar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Budcə prosesinin təkmilləşdirilməsi işinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkən nazir, xüsusilə, təhsil və səhiyyə sahələri üzrə maliyyələşmənin təkmilləşdirilməsinə, daha müasir maliyyələşmə prinsiplərinin tətbiqinə ehtiyac olduğunu qeyd edib.

Nazir bildirib ki, 2012-ci ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdən biri "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir.

"Bu günlərdə Prezident İlham Əliyevin regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının III ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlar 2013-cü il dövlət büdcəsi hazırlanarkən nəzərə alınmalıdır. Ümumilikdə, ölkə Prezidentinin dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet inkişaf vəzifələrinə uyğun olaraq, sosial məsələlərin həllinə, əhalinin maddi-rifah halının artırılmasına, ölkəmizin müdafiə potensialının gücləndirilməsinə, onun iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, ölkə regionlarının tarazlı inkişafına, sahibkarlığa dəstək və iqtisadiyyatın digər mühüm sahələrinin inkişafına dair qəbul olunmuş məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilməli və dövlət büdcəsindən tələb olunan məbləğdə vəsaitin ayrılması üçün təkliflər hazırlanılmalıdır", - Şərifov deyib.

Kollegiya iclasında Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin fəaliyyəti üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan monitorinqlərin nəticəsi, bəzi təşkilati, struktur dəyişiklikləri, o cümlədən nazirliyin aParatında və yerli maliyyə orqanlarında 2011-ci il ərzində icra intizamı, kargüzarlığın, arxiv işinin aparılması və vətəndaş müraciətlərinə baxılması və digər məsələlər müzakirə edilib.

İclasda həmçinin, nazirliyin Aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan MR-in Maliyyə Nazirliyinə yerli maliyyə orqanları tərəfindən 2013-ci il dövlət və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi işlərinin sürətləndirilməsi, nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və kefiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında nöqsanlara yol verildiyi, hesabat və məlumatların vaxtında və kefiyyətlə nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilib.

Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti