...

ABŞ Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynaya bilər – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 11:08 (UTC +04:00)
İqtisadi əməkdaşlıq üzrə Amerika-Azərbaycan hökumətlərarası komissiyası öz işini bərpa edir.
ABŞ Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynaya bilər – nazir müavini

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Tariverdiyeva/

İqtisadi əməkdaşlıq üzrə Amerika-Azərbaycan hökumətlərarası komissiyası öz işini bərpa edir. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın iqtisadi inkişaf, energetika və ətraf mühit nazirinin müavini Robert Hormats ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə Alt komitəsində çıxışı zamanı deyib.

"Mən bu komissiyaya həmsədrlik etməyi planlaşdırıram. İclas yaxın vaxtlarda Vaşinqtonda keçiriləcək", - ABŞ Dövlət Departamentinin saytı Hormatsın dediklərindən sitat gətirir.

Azərbaycan tərəfdən hökumətlərarası komissiyaya maliyyə naziri Samir Şərifov həmsədrlik edir.

Nazir müavininin sözlərinə görə, Vaşinqton Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üzrə səylərini dəstəkləyir.

Onun fikrincə, Azərbaycan postsovet məkanındakı iqtisadiyyatların ən uğurlu nümunələrindən biridir.

"2004-cü ildən ölkə iqtisadiyyatı üç dəfə artıb. Dünya Bankının məlumatına görə, ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2010-cu ildə 9 faizədək azalıb. Azərbaycan 2011-ci ildə Birləşmiş Ştatlardan 328 milyon dollarlıq mal idxal edib ki, bu da 2010-cu illə müqayisədə (idxal 253 milyon dollar təşkil edib) 30 faiz çoxdur", - Hormats qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat və turizm sahələrini iqtisadiyyatın prioritet istiqamətləri kimi müəyyən edib.

"Amerika şirkətləri iqtisadiyyatın bu sektorlarının inkişafında mühüm rol oynaya bilərlər", - o deyib.

Xəbər lenti

Xəbər lenti