Azərbaycan, Bakı, 31 may /Trend, müxbir A.Axundov/
Azərbaycanın Maliyyə Nazirliyi Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlərin verilməsi prosesinin ölkədə inflyasiyanın səviyyəsinə ciddi təsir göstərəcəyini gözləmir. Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov cümə axşamı jurnalistlərə bildirib.
"Şübhəsiz ki, bu həcmdə vəsaitin dövriyyəyə buraxılışı inflyasiyaya təsir edəcək, lakin biz ciddi təsir gözləmirik. Ənənəvi olaraq yay aylarında Azərbaycanda inflyasiyanın aşağı səviyyəsi qeydə alınır, ödənişlərin verilməsi prosesinin ən qızğın dövrü isə yaya təsaddüf edir ki, bu da vəziyyəti neytrallaşdırır", - nazir deyib.
Bununla yanaşı, Şərifov vətəndaşlara alınan vəsaitləri banklara qoymağa və onları istehlak bazarına çıxarmağa tələsməməyə çağırıb.