...

Bakıda "TransCaspian" və "Road and Traffic" sərgiləri öz işinə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 16:20 (UTC +04:00)
İyunun 13-də "Bakı Expo" mərkəzində 11-ci Beynəlxalq "Nəqliyyat, Tranzit və Loqistika" ("TransCaspian-2012") sərgisi öz işinə başlayacaq.
Bakıda "TransCaspian" və "Road and Traffic" sərgiləri öz işinə başlayacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

İyunun 13-də "Bakı Expo" mərkəzində 11-ci Beynəlxalq "Nəqliyyat, Tranzit və Loqistika" ("TransCaspian-2012") sərgisi öz işinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə "TransCaspian" və "Road and Traffic" sərgilərinin meneceri Orxan Əhmədov bildirib.

Onun sözlərinə görə, bu il keçirilən sərgi ötən illə müqayisədə öz ekspozisiya ərazisini 25% genişləndirərək, dünyanın 15 ölkəsindən 70 şirkəti bir araya gətirəcək. Sərgi iştirakçılarının təqribən 40 faizini "TransСaspian" sərgisində öz məhsul və xidmətlərini ilk dəfə nümayiş etdirən şirkətlər təşkil edir. Bu il sərgi iştirakçılarının coğrafi tərkibi də genişlənib. Belə ki, təqdim olunan ölkələr arasında Azərbaycan, Almaniya, Gürcüstan, İtaliya, Latviya, BƏƏ, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiya var. Xorvatiya isə builki sərginin debütantı olacaq. Eyni zamanda, Latviya öz milli stendi ilə sərgidə ardıcıl olaraq ikinci ildir ki iştirak edir.

Əhmədovun sözlərinə görə, sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Dəmir Yolları, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti öz stendlərində regionun aktual nəqliyyat layihələrini təqdim edəcəklər.

Sərgi öz işini iyun ayının 15-dək davam etdirəcək.

Habelə iyun ayının 13-də "Bakı Ekspo" mərkəzində 2-ci Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" ("Road and Traffic") sərgisi start götürəcək. Əhmədovun sözlərinə görə, bu sərgi dünyanın 12 ölkəsindən 50 şirkəti bir araya toplayıb.
Azərbaycanda həyata keçirilən yol infrastrukturu və nəqliyyat üzrə müxtəlif layihələrin daim artması ən böyük şirkətləri inkişaf etmiş yüksək səviyyəli nəqliyyat sisteminin tikintisinə cəlb edir. "Road and Traffic" sərgisinin də məqsədi məhz bu prosesə kömək etməkdir. Nəqliyyat infrastrukturu üçün məhsul, material, xidmət və texnologiyaların həm regional, həm də xarici istehsalçı və təchizatçıları üçün nəzərdə tutulmuş bu sərgi yol tikintisi sahəsində ən son nailiyyətlərin təqdim edilməsi, yol hərəkətinin idarə olunmasında informasiya texnologiyalarının tətbiqi və yeni şəhər nəqliyyatı növlərinin istifadəyə verilməsi məqsədinə xidmət edir.

"Road and Traffic" sərgisi yol infrastrukturunun bütün bölmələrini əhatə edən tematik ekspozisiyalara, xüsusən də aşağıdakı bölmələrə ayrılıb: yol təhlükəsizliyi, ictimai nəqliyyat, yol infrastrukturu, yol örtüyü sahəsində yeni texnologiyalar, xüsusən də səs izolyasiyalı asfalt və soyuq yol örtükləri, dayanacaq sistemləri sahəsində ən son nailiyyətlər, nəqliyyatın intellektual idarə olunması, sürücülər üçün nəzarət qurğuları və kompüterlər, həmçinin gedişhaqqının avtomatik ödənilməsi üzrə sistemlər.

Xəbər lenti

Xəbər lenti