Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir A.Axundov/
İlin birinci yarısının yekunları üzrə, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzvü olan banklarda fiziki şəxslərin ümumi depozitləri ikinci rübdə 1,72 faiz artaraq 4,319 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Fondun bazar ertəsi yayımlanan məlumatında deyilir.
Bundan 2,776 milyard manat qorunan əmanətlərin payına düşür. Qorunan əmanətçilərin sayı 6 125 min 039 nəfərdir.
Təqvimhaqları 1 871 min AZN, 1 641 min ABŞ dolları, 177 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür.
Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları ikinci rüb ərzində 6,39 faiz artaraq 48,3 mln. AZN təşkil edir.
1 iyun 2010- cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Xatırladaqki, bir sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə maksimum 30 min manat məbləğində kompensasiya ödənilir.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Avqustun 20-nə olan rəsmi məzənnə 0,7854 AZN/USD təşkil edir.