Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Ə.Həsənov/
Cari ilin I yarısında bütövlükdə bankların ümumi gəlirləri (faiz və qeyri-faiz) 756,7 milyon manat təşkil edib və ötən ilin müvafiq dövründəki səviyyədən 12,9 faiz - 86,4 milyon manat çox olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının rəsmi saytında dərc olunmuş yanvar-iyun ayları üzrə maliyyə sabitliyi icmalında bildirilir.
I yarımillikdə cəmi faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz, 64,5 milyon manat artaraq 1 iyul 2012-ci il tarixə 593,7 milyon manata çatıb.
Cari ilin 6 ayı ərzində bankların cəmi qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz artıb və hesabat dövrünün sonuna 163 milyon manat təşkil edib.
Dövr ərzində bankların müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 12,4 faiz artıb (cəmi 546,9 milyon manat faiz gəliri). Faiz gəlirlərinin orta aktivlərə nisbəti müvafiq dövrlə müqayisədə 0,1 faiz bəndi azalaraq dövrün sonuna 7,6 faiz təşkil edib.
Faiz gəliri gətirən digər əməliyyatlardan (banklararası tələblər, investisiyalar və maliyyə lizinqi) əldə edilən gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq və orta aktivlərə nisbətdə sabit qalaraq 0,6 faiz təşkil edib.
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların ümumi xərcləri (faiz və qeyri-faiz) 14,7 faiz (və ya 77,9 milyon manat) artaraq 606,4 milyon manat olub.
Fiziki şəxslərin müddətli əmanətlərinin həcminin artması ilə əlaqədar cari ilin altı ayı ərzində faiz xərcləri 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artıb və 321,5 milyon manat təşkil edib. Faiz xərclərinin orta aktivlərə nisbəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz bəndi azalaraq 4,4 faiz olub.
Qeyri-faiz xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz artaraq 1 iyul 2012-ci il tarixinə 284,9 milyon manat təşkil edib.
Buna səbəb bank sistemində əmək haqqı, digər kompensasiya növləri və bank işində istifadə olunan əsas vəsaitlərlə əlaqədar xərclərin artmasıdır. Qeyri-faiz xərclərinin orta aktivlərə nisbəti ötən ilin müvafiq dövrü ili müqayisədə demək olar ki, dəyişməyib (+0.1 f.b.) və 3,9 faiz olub.
Cari ilin yanvar-iyun aylarında bankların əməliyyat mənfəəti 150,3 mln. manat olub. Bank aktivlərinin gəlirliliyi (ROA) 0,1 faiz, kapitalın gəlirliliyi (ROE) isə 1,2 faiz təşkil edib.
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların ümumi xərcləri (faiz və qeyri-faiz) 14,7faiz (və ya 77,9 mln. manat) artaraq 606,4 milyon manat olub.
Cari ilin I yarımilliyində bankların əldə etdikləri mənfəət 19,1 milyon manat təşkil edib. Vergi ödənildikdən sonra xalis mənfəət 10,3 milyon manat olub. Dövr ərzində mənfəətlə işləyən bankların sayı 35 (01.07.2011ci il tarixə sayı 33), zərərlə işləyən bankların sayı isə 9 (01.07.2011-ci il tarixə sayı 11) olub.