...

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı prosesində Türkiyə təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan Nazirlər Kabinetinin 30 avqust 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutu (İİETİ) ilə Türkiyə Respublikası Baş Bakanlığının Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində layihə həyata keçirilir. "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi" layihəsi üzrə işlər təcrübə mübadiləsi şəraitində aparılır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə üzrə yekun nəticələrin müzakirəsi məqsədilə oktyabrın 1-də İİETİ-də "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf istiqamətləri" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının və özəl bölmənin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı, Türkiyə tərəfdən TİKA-nın baş mütəxəssisi Sibel Güneği, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyindən Gülay Beşirli, Ege Universitetindən professorlar Uygun Aksoy və Ahmet Altındişli iştirak ediblər.

İşgüzar və qarşılıqlı təcrübə mübadiləsi şəraitində keçən tədbiri giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində həyata keçirilən layihənin nəticələri və TİKA ilə əməkdaşlığın gələcək istiqamətləri barədə məlumat verib.

TİKA-nın baş mütəxəssisi Sibel Güneği TİKA və İİETİ arasında səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib və gələcəkdə qurumlararası əlaqələrin daha da genişləndiriləcəyini vurğulayıb.

Layihənin İİETİ tərəfindən koordinatoru Həzi Eynalov layihə barədə geniş məlumat verib, ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivlərini diqqətə çatdırıb. Tədbirdə türkiyəli mütəxəssislərin ekoloji təmiz kənd təsərrüfatının inkişafı barədə çıxışları dinlənilib və müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti