...

2012-ci ildə Azərbaycanda bankların kapitalı 18 faiz artıb - Mərkəzi Bankın sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 03:29 (UTC +04:00)
2012-ci ilin doqquz ayında milli iqtisadiyyatımız sabitlik, inkişaf və dayanıqlılıq nümayiş etdirmişdir. Bunu Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.
2012-ci ildə Azərbaycanda bankların kapitalı 18 faiz artıb - Mərkəzi Bankın sədri

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

2012-ci ilin doqquz ayında milli iqtisadiyyatımız sabitlik, inkişaf və dayanıqlılıq nümayiş etdirmişdir. Bunu Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.

Bu prosesin bank və maliyyə sektorundan da yan keçmədiyini bildirən Rüstəmov dedi: "Cari ilin 9 ayında qeyri-neft sektoru qeyd etdiyimiz kimi 10 faizdən artıq yüksəlmişdir. Nəticədə son 4 ildə qeyri-neft sektorunun ÜDM-də payı 5 faiz bəndindən çox yüksəlmişdir. Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir. Manatın paritet qiymətlərdə adambaşına düşən ÜDM həcmi 10 min ABŞ dollarını ötür. Bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur. Ölkənin ticarət və tədiyə balansının strukturunda da şaxələnməni əks etdirən xarakterik proseslər gedir. İxracın həcmi idxalın həcmindən 3 dəfə böyükdür. Qeyri-neft əmtəə və xidmət ixracı da cari ilin sonuna təxminən 5 milyard ABŞ dolları həcmində gözlənilir. 2008-ci ildən bəri bu göstərici 2 dəfəyədək artmışdır. Xidmətlər ixracı da böyüyür və cəmi qeyri-neft ixracının 60 faizini təşkil edir. Tədiyə balansında ilin sonuna biz 16-17 milyard ABŞ dolları həcmində profisit gözləyirik. İlin sonuna strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ilk onbeşlikdədir. Ötən dövrdə ehtiyatlardan əldə olunan gəlirlər yarım milyard dollardan çox olmuşdur və artıq Siz qeyd etdiniz ki, cənab prezident, dünyada faiz dərəcələri bu gün çox aşağıdır, lakin Sizin tapşırığınıza uyğun olaraq ölkənin qızıl valyuta ehtiyatlarının alət, valyuta və coğrafi şaxələndirilməsi artıq həyata keçirilməyə başlanmışdır. Burada əsas məqsəd təbii ki, etibarlılıq, valyuta ehtiyatlarının idarə olunmasının səmərəliliyinin daha da artırılmasıdır. Ölkədə investisiya aktivliyi də yüksəkdir. Cari ilin 9 ayında investisiyalar 27 faiz, o cümlədən qeyri-neft sektorunda 31 faiz artmışdır. Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar da artır ki, onun həcmi bu il 1 milyard dollar həcmində gözlənilir. Cari ildə təkcə regionlarda 284 yeni müəssisə yaradılıb, daha 444 müəssisə isə yaradılmaqdadır. Azərbaycan stabil və dinamik büdcə sisteminə malikdir. Ötən 9 ayda büdcə xərcləri 27 faiz, o cümlədən investisiya xərcləri 20 faiz artmışdır. Qeyri-neft vergi daxilolmaları 14 faiz artmışdır. Büdcə proqnozları tam yerinə yetirilir və o profisitə malikdir".

Rüstəmov qeyd edib ki, SSRİ dövründən qalmış əmanətlərin qaytarılmasına başlanılıb. 871 min əmanətçiyə nəzərdə tutulan vəsaitin artıq 30 faizi, təxminən 366 milyon manat ödənilmişdir.

"Qeyri-neft sektorunun davamı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə imkan vermişdir. Ölkədə məşğulluq səviyyəsi 95 faiz təşkil edir. 2008-ci ilin əvvəlindən 430 mindən çox yeni iş yeri yaradılmışdır. Təkcə cari ilin 9 ayında 94 min yeni iş yeri açılmışdır.

Əhalinin real pul gəlirləri ötən 9 ayda 12 faiz artmış, 2008-ci ildən bəri isə bu artım 2 dəfə olmuşdur. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş əhali kütləsi yararlanır. Başqa sözlə, iqtisadi inkişafın "inklyuzivliyi" artır. Yenə də Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir. Belə bir inkişaf fonunda ölkənin beynəlxalq reytinqləri daha da yaxşılaşır. Siz artıq bunları qeyd etdiniz. Sadəcə, mən ölkənin investisiya-kredit reytinqi haqqında demək istəyirəm. Artıq biz top-reytinqin yəni A zonasının cəmi 2 addımlığındayıq. Cənab Prezident, ölkə iqtisadiyyatının sürətli inkişafı dünyada iqtisadi gərginliyin davam etdiyi son 4 ildə baş verir. Qlobal güc mərkəzləri arasında yenidən tarazlaşma prosesi çox ağrılı gedir. Aparıcı ölkələrin irimiqyaslı iqtisadi stimul paketləri yalnız vəziyyətin kəskin pisləşməsinin qarşısını ala bilir. 3-cü rübdə qlobal artım tempi əvvəlki rüblərə nisbətən orta hesabla 1,5 faiz bəndi aşağı olmuşdur. Sizin ölkənin sosial-iqtisadi inkişafının 6 ayının yekunlarına həsr edilmiş toplantıda qeyd etdiyiniz kimi, bunun əsas səbəbi bir sıra inkişaf etmiş ölkələrdə dövlət borcunun həddindən artıq yüksək səviyyəsidir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Tarixi təcrübə göstərir ki, yığılmış belə borcları azaltmaq üçün 10 illərlə vaxt tələb olunur. Zəruri və ağrılı büdcə konsolidasiyası tədbirləri radikal struktur standartları dərin siyasi restabilləşməyə və kəskin sosial etirazlara səbəb olur. Hazırda beynəlxalq təşkilatlarda ekspertlər cəmiyyətində yeni qlobal böhranın yeni dalğasının və onun nəticələri, riskləri geniş müzakirə olunur", - deyə Mərkəzi Bankın sədri bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hökm sürən sabitlik və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən diqqətli və məsuliyyətli makroiqtisadi strategiya və siyasətdir.

"Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Ölkənin uğurlu böhran qarşılaması təcrübəsi və böyük maliyyə ehtiyatları vardır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 9 dəfə üstələyir. Makroiqtisadi sabitlik institutu olaraq Mərkəzi Bank cari ildə öz mandatına uyğun olaraq fəaliyyətini qiymətlərin sabitliyi, milli valyutanın və bank sisteminin sabitliyinin təmin edilməsində cəmləşdirmişdir. İnflyasiya artıq qeyd olunduğu kimi təkrəqəmlidir. Orta illik inflyasiya isə cəmi 1,5 faiz təşkil edir. Əmək haqqının artım tempi inflyasiya tempini 7 faiz üstələyir. İyun-sentyabr aylarında dünya ərzaq qiymətləri 8 faiz artsa da, ərzağın yerli istehsalın artması hesabına qiymət sabitliyinə müsbət təsir göstərmişdir. Məzənnə sabitliyi makroiqtisadi sabitliyinin mühüm dayağıdır. Ötən 9 ayda manatın sabitliyi qorunmuşdur. Artıq uzunmüddətli 15 illik bir dövr üçün milli valyutamızın sabitliyindən danışa bilərik. Manat nəinki ölkə daxilində, hətta regionda etibarlı valyuta kimi tanınmışdır. Biz görürük ki, bəzi ölkələrdə qeyri-sabit məzənnə necə ciddi sosial-iqtisadi gərginliklərə səbəb ola bilir", - deyə Rüstəmov vurğulayıb.

Rüstəmovun sözlərinə görə, 2012-ci ildə bank sektorunda da maliyyə sabitliyi davam etmişdir.

"Bankların kapitalizasiya səviyyəsi yüksəkdir, risklərə qarşı kifayət qədər ehtiyatlar mövcuddur. Cari ildə bankların kapitalı 18 faiz, son 4 ildə 49 faiz artmışdır. Bank aktivləri də artıb. Cari ildə 11 faiz, son 4 ildə isə 51 faiz artmışdır. Bank aktivlərinin qeyri-neft daxili məhsuluna nisbəti 65 faiz təşkil edir. Kreditlər artır, cari ildə 12 faiz, son 4 ildə isə 55 faiz artmışdır. Kreditlərin təxminən 72 faizi uzunmüddətlidir, yəni investisiya yönümlüdür. Əhalinin müddətli əmanətlərində cari ildə 8 faizdən çox artım olmuşdur və dünya iqtisadi böhranının başlandığı dövrdən bəri əhalinin əmanətləri 2,3 dəfə yüksəlmişdir. Bank aktivlərinin maliyyələşməsində xarici borcun payı son 4 ildə 20 faizdən 13 faizədək azalmışdır. Sektorun likvid aktivləri xarici borcun öhdəliklərini 100 faizdən çox ötür. Cənab Prezident, yeni strateji dövr bank sektoru üçün mühüm çağırışlar müəyyən edir. Sektorun sabitliyi və inkişaf prioritetləri bankların kapitalına tələbin 5 dəfə artırılaraq 50 milyon manata çatdırılmasını zəruri etmişdir. Bu, bankların risklərə dözümlülüyünü, maliyyə vasitəçiliyi dərinliyini və effektivliyini artıracaqdır. Bank sektorunun iqtisadiyyatın artan miqyasına uyğunlaşması təmin ediləcəkdir. Kiçik və sağlam bankların isə maliyyə, texnoloji, institusional konsolidasiyasına şərait yaranacaq, onların rəqabət qabiliyyəti güclənəcəkdir", - deyə o bildirib.

Mərkəzi Bankın sədri bildirib ki, cari ildə ödəniş sistemlərinin də sabit və etibarlı fəaliyyəti təmin edilmişdir.

"Milli ödəniş sisteminin infrastrukturu vasitəsilə 2012-ci ilin 9 ayında həyata keçirilən ödənişlərin həcmi 16 faiz artaraq 85 milyard manata çatmışdır. Cari ildə ölkədə qiymətli kağızlar bazarının inkişafının şahidi oluruq, onun həcmi 34 faiz artmışdır. Təkcə səhm bazarı 3,3 dəfə böyümüşdür. Cənab Prezident, ölkə iqtisadiyyatı 2012-ci ili uğurla başa vurur və biz əminik ki, bu bizim iqtisadi inkişaf tariximizdə ən uğurlu illərdən biri olacaqdır. Eyni zamanda, iqtisadi inkişaf sahəsində yeni vəzifələr, yeni məqsədlər və yeni çağırışlar qarşıda durub. Sizi əmin edirik ki, rəhbərliyiniz altında ölkənin Mərkəzi Bankı və ölkənin digər iqtisadi orqanları bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün öz səylərini əsirgəməyəcəkdir", - Rüstəmov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti