...

Azərbaycanda il ərzində 25 min ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 18:20 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsində dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması istiqamətlərində 2012-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirilib.
Azərbaycanda il ərzində 25 min ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsində dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması istiqamətlərində 2012-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Komitənin mətbuat xidmətindən məlumat verilib.

İclası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov giriş sözü ilə açaraq bildirib ki, 2012-ci ilin 9 ayı ərzində Komitənin fəaliyyət proseslərində, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində səmərəli nəticələrin əldə edilməsi, qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması, korrupsiya hallarının qarşısının alınması məsələlər diqqət mərkəzində saxlanılıb.

Bildirilib ki, ötən il dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi məqsədilə Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla layihələr həyata keçirilir.

İclasda komitənin digər fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin müəyyən edilmiş fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb. Hesabat müddətində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 20 normativ hüquqi (normativ) xarakterli sənəd layihələri hazırlanıb.

İclasda qeyd edilib ki, 2012-ci ilin 9 ayında ümumilikdə respublika üzrə kiçik özəlləşdirmə formasında 600-ə yaxın müəssisə və obyekt özəlləşdirilib. 2012-ci ilin yanvar-iyun aylarında 370-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Səhmlərin satışı üzrə keçirilmiş 50-yə yaxın pul və ixtisaslaşdırılmış pul hərracında 30-a yaxın səhmdar cəmiyyətin səhmləri satılıb.

"Daşınmaz əmlakın qeydiyyatı layihəsi"nə dair Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında kredit sazişinin icrası ilə bağlı tədbirlər davam etdirilib.

2012-ci ilin 9 ayı ərzində respublika üzrə 114 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 33 minə yaxını ilkin, 81 mindən çoxu isə təkrar qeydiyyat olub. Bununla yanaşı, hesabat müddətində 25 min ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 84 min məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 21 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib.

2012-ci ilin 9 ayı ərzində 107 min daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport tərtib edilib. Ötən müddətdə daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilib. Belə ki, dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilib.

Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması istiqamətində "Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi" layihəsi başa çatmaq üzrədir. "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" işlərinə başlanılıb.

Azərbaycanda ünvan reyestri informasiya sisteminin yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir, 2013-cü ilin yanvarın 1-dən ünvanlar yeni qaydalara əsasən veriləcək, küçə və binalara müasir dizaynlı ünvan lövhələri vurulacaq.

Hesabat müddətində Dünya Bankının həyata keçirdiyi "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində tədbirlər, o cümədən qeydiyyat və kadastr üzrə yeni İT sisteminin hazırlanması ilə bağlı işlər davam etdirilib.

Müşavirənin sonunda komitə sədri tərəfindən bir sıra tapşırıqlar verilib. Belə ki, fəaliyyət proseslərində şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi zəruriliyi qeyd edilib. Bununla yanaşı, daşınmaz əmlakın vahid kadastrının tərtibi ilə bağlı Bakı və Sumqayıtda həyata keçirilən kadastr layihələrinin başa çatdırılması, Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı Norveç layihəsinin icrasının nəzarətdə saxlanılması tapşırıqları verilib. Komitəyə daxil olan müraciətlərə, ərizə və şikayətlərə mahiyyəti üzrə baxılmasında operativliyin artırılması, süründürməçilik hallarına yol verilməməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti