...

Polşa Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2012 11:26 (UTC +04:00)
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ticarət məkanının sabitləşməsi üçün şans verəcək.
Polşa Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını dəstəkləyəcək

Polşa, Varşava, 27 noyabr / Trend, müxbir S.Ağayeva /

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ticarət məkanının sabitləşməsi üçün şans verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Varşavada jurnalistlərə Polşanın iqtisadiyyat nazirinin müavini Ancey Dıxa bildirib. Çərşənbə axşamı Varşavada ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası işinə başlayıb.

"Azərbaycanla Polşa arasında illik ticarət dövriyyəsi 130 milyon dollar təşkil edir, bu ilin dinamikası artım tendensiyasını göstərir. Lakin ölkələrimiz arasında ticarət dövriyyəsi balanslaşdırılmayıb, Polşadan ixrac üstünlük təşkil edir. ÜTT-yə daxil olmaq Azərbaycan üçün nəhəng addım olacaq və ticarət məkanının sabitləşməsi üçün şans verəcək, qarşılıqlı investisiyalar üçün zəmanətlər yaradacaq", - Dıxa deyib.

Onun sözlərinə görə, Polşa ÜTT-yə 1995-ci ildə daxil olub və demək olar ki, o, bu təşkilatın təsisçilərindən biridir. Polşanın ÜTT-yə daxil olması və liberal islahatlar ölkəyə çoxlu xarici sərmayədarların cəlb olunmasına imkan verib.

"Azərbaycanın ÜTT-yə daxil olması ikitərəfli əlaqələrimiz üçün mühüm rol oynayır. Polşa ÜTT-də başqalarını Azərbaycanın təşkilata daxil olmasını sürətləndirməyə inandıracaq səs ola bilər. Bundan başqa, Polşa öz təcrübəsi ilə kömək edə, hüquqi bazada islahatlar aparılması yollarını göstərə bilər", - nazir müavini qeyd edib.

Dıxanın dediyi kimi, Polşanın ixracının 80 faizi gömrük maneləri və sədlərinin olmadığı Aİ ölkələrinə gedir. Lakin sahibkarlar bu bazarın artıq dolduğunu görürlər və yeni imkanlar axtarırlar. Ona görə də son illər həmsərhəd ölkələrə - Rusiyaya, Belarusa, Ukraynaya ixracın həcmi artır, daha sonra isə Qafqaz, Mərkəzi Asiya ölkələri gəlir. Çin xüsusi yer tutur. Polşa mallarının ÇXR-ə ixracının həcmi bu ölkənin uzaqda yerləşməsinə baxmayaraq, kifayət qədər böyükdür.

Ümumdünya Ticarət Təşkilatı katibliyi yanında Azərbaycan üzrə işçi qrup 16 iyul 1997-ci il yaradılıb.

Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusunda təmsil olunur. Azərbaycan danışıqlara 2004-cü ildə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti