...

"Unibank" bankomatlar vasitəsilə kreditlərin verilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2012 18:53 (UTC +04:00)

"Unibank" ölkə bankları içərisində ilk dəfə yeni xidmət təklif edir. Müştərilər banka gəlmədən, istehlak krediti üçün müraciət edə bilərlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

Kreditlə bağlı müraciəti ən yaxın bankomatdan etmək mümkündür. Bu addım, kredit əldə etmək istəyən müştərilərin vaxtına qənaət edən və rahatlığını təmin edən yeni bir alətdir.

Bunun üçün "Unibank"ın bankomatına yaxınlaşıb, istənilən Bankın plastik kartını "Unibank"ın bankomatına daxil edib və dil seçimindən sonra, xidmətdən istifadə edə bilərsiniz. ATM-in ekranında "Unibank"a istehlak krediti ilə bağlı müraciət etmək üçün, ikinci pəncərədə "kredit" düyməsini seçib, öz mobil nömrənizi ATM-ə daxil edərək, təsdiqləyirsiniz. Müraciətiniz qəbul olunduqdan sonra, bank əməkdaşları qısa müddətdə sizə zəng edərək, kredit təklifinizi cavablandıracaq. Kredit müraciəti, istənilən başqa bankın kartı vasitəsi ilə həyata keçirilə bilər. "Unibank" kartınızın olması vacib deyil.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

"Unibank"ın kreditlərindən Bankın geniş partnyor şəbəkəsində də istifadə etmək olar. ATƏŞGAH SIĞORTA şirkətinin 11 satış məntəqəsində, 28 MALL və Nərgiz Ticarət Mərkəzində elə yerindəcə "Albalı" taksit kartlarını rəsmiləşdirmək mümkündür.

Son texnoloji yenilikləri tətbiq etməklə, müştərilərinə göstərdiyi xidməti günü-gündən yaxşılaşdıran 28 filiala malik "Unibank", 66 ATM-lə yalnız özünün deyil, digər bankların müştərilərinə də xidmət göstərir. "Unibank"ın bankomatları sms bankçılıq xidməti ilə yanaşı, kommunal ödənişləri də həyata keçirməyə imkan verir. "Unibank"ın plastik kartlarına sahib olan müştəriləri banka gəlmədən, "card to card" xidmətiylə bankomatlardan pul göndərə bilərlər.

Ölkə bankları içərisində "Unibank" ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını "Unibank"ın ATM-də qeydiyyata daxil edərək, "Unibank"da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu xidmətin qarşılığında isə heç bir əlavə ödəniş etmir.

Qeyd edək ki, "Unibank" istehlakçılar üçün 3000 AZN-dək krediti girovsuz və zaminsiz verir. Bu kreditlər 30 aylıq müddətədəkdir. Məbləğ borcalanın gəlirlərindən asılı olaraq 300 AZN-dən 7000 AZN-dək dəyişir.

Daha ətraflı məlumatı bankın rəsmi səhifəsindən (www.unibank.az) , facebook səhifəsindən (www.facebook.com/unibank.az) və (012) 117 nömrəli telefondan öyrənə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti