Azərbaycan, Bakı, 27 dekabr /Trend/
"Unibank" KB ASC-nin İdarə heyəti sədrinin müavini, pərakəndə bank xidmətləri üzrə direktor Xalid Əhədov "MilliKart" MMC-nin Direktorlar Şurasının sədri seçilib. Bu barədə Trend-ə bankdan məlumat verilib.
Əsas məqsədi Azərbaycanda nağdsız əməliyyatların sürətli inkişafını dəstəkləmək olan "MilliKart" MMC bu istiqamətdə üzv banklara daha rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edir.
2006-cı ilin oktyabrından fəaliyyətə başlayan "MilliKart" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 bank tərəfindən nizamnamə kapitalı 4 milyon manat olmaqla təsis edilib. Avropa Yenidənqurma və İnkişaf Bankının "MilliKart"ın nizamnamə kapitalında iştirakı, həmçinin "MilliKart"ın nizamnamə kapitalının 4 milyon manatdan 5 milyon manatadək artırılması ilə əlaqədar olaraq 7 iyun 2010-cu il tarixində "MilliKart"ın Nizamnaməsi Azərbaycan Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. Avropa Yenidənqurma və İnkişaf Bankı "MilliKart"ın 19 iştirakçısından biri olaraq, MMC-nin nizamnamə kapitalına 500 min manat qoymaqla 10% iştirak payı əldə edib.
Hazırda "MilliKart" MMC-də 11 banka xidmət olunur. Həmin banklar tərəfindən 250 mindən artıq ödəniş kartları emissiya edilib, 330-dan artıq bankomat və 7000-dən artıq POS-terminal quraşdırılıb.