Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda kiçik və orta biznes üçün davamlı kredit axınını təmin etmək məqsədilə "Muğanbank" ASC-nin ölkə ticarətinə dəstək fəaliyyəti çərçivəsində banka 6 milyon dollar məbləğində maliyyə paketi təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Muğanbank"ın saytında yerləşdirilən məlumatda deyilir.
AYİB-in maliyyə paketinə Azərbaycanda fəaliyyət göstərən mikro, kiçik və orta biznes üçün nəzərdə tutulmuş 5 milyon dollarlıq kredit xətti daxildir. Kredit xəttinin 3 milyo dolları manatda, 2 milyonu isə dollardadır.
Həmçinin, "Ticarətə Yardım Proqramı" çərçivəsində ölkə ticarətinin maliyyələşdirilməsi məqsədilə "Muğanbank" ASC-yə əlavə olaraq 1 milyon dollar həcmində kredit xətti ayrılacaq. Beləliklə, bank üçün proqramın ümumi vəsaiti 4 milyon dollara çatdırılacaq.
Yeni kredit xəttinin ayrılması ilə bağlı "Muğanbank" ASC-nin İdarə Heyətinin sədri Elmir Həsənov bildirib ki, Azərbaycanda gedən davamlı iqtisadi inkişaf prosesinin nəticəsi olaraq kiçik və orta biznesə kredit dəstəyinin aktuallığı artmaqdadır. Müvafiq kredit xəttinin yalnız bankın iqtisadi maraqları çərçivəsində deyil, həmçinin makroiqtisadi baxımdan ölkə biznesi üçün çox faydalı olduğunu deyən Həsənov "Muğanbank" ASC-nin AYİB kimi mötəbər iqtisadi qurumla birgə iş çərçivəsində əldə etdiyi razılaşmanın banka yuksək etibarın göstəricisi olduğunu nəzərə çatdırıb.
Qeyd edək ki, AYİB-in vəsaiti "Muğanbank" ASC-nin strategiyasının özəyi olan mikro, kiçik və orta biznesin kreditləşmə əməliyyatlarını davamlı olaraq maliyyələşdirmək, bununla da yerli sahibkarların kreditlərə olan yüksək tələbatına cavab vermək və Azərbaycan şirkətləri üçün ticarətin maliyyələşdirilməsi sahəsində imkankarın artırılmasını təmin edəcək.
AYİB dəstəyi nəticəsində əldə olunan maliyyə vəsaiti orta və uzunmüddətli kredit götürmüş yerli şirkətlərin investisiyaları və dövri kapitalının maliyyələşdirilməsi, həmçinin özəl biznesin beynəlxalq ticarət əməliyyatlarına zəmanət vermək məqsədilə istifadə olunacaq.
AYİB ilə "Muğanbank" ASC arasında son illər aparılan əməkdaşlıq nəticəsində qurumun banka ayırdığı kreditin həcmi 16 milyon dollara çatıb.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyət başlayıb. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
"Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın World Business Capital (WBC) İnvestisiya Fondu kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir. İşgüzar əlaqələrin əsas məqsədi beynəlxalq kapital bazarından cəlb edilmiş maliyyə vəsaitlərinin yerləşdirilməsidir.