...

Azərbaycanda avtomobil yollarının dövlət reyestri yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2013 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda avtomobil yollarının vahid dövlət reyestri yaradılacaq.

Belə bir reyestrin yaradılmasını qüvvədə olan "Avtomobil yolları haqqında" qanuna dəyişikliklərin edilməsinə dair qanun layihəsi nəzərdə tutur. Trend-in məlumatına görə, cümə axşamı Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında qanun layihəsinin parlamentin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə edilib.

Qanun layihəsinə əsasən, avtomobil yollarının vahid reyestri mülkiyyət növü və əhəmiyyətindən asılı olmayaraq, bütün avtomobil yolları haqqında məlumatı ehtiva edən dövlət informasiya resursudur.

Reyestrin formalaşdırılması və tətbiqi icra hakimiyyətinin müvafiq orqanı tərəfindən yoların qeydiyyatı və uçotu əsasında həyata keçiriləcək.

Sənədə əsasən, reyestr kağız və elektron daşıyıcılarda aparılır. Reyestrdə avtomobil yollarının sahibləri, avtomobil yollarının adları, indeksləri, uzunluğu, balans dəyəri, faktiki vəziyyəti, yolların tutduğu torpaq sahəsi, növü və yöl örtüyünün vəziyyəti, yol nişanlarının yerləşdirilməsi, həmçinin yolların xəritələri haqqında informasiya yerləşdiriləcək.

Qanun layihəsinə müvafiq olaraq, maraqlanan istənilən şəxs reyestrdən dövlət sirri kəsb edən məlumatlar istisna olmaqla, zəruri məlumatı əldə edə bilər. Məlumat ödənişli əsasda reyestrdən çıxarışlar qismində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilir.

Dövlət qurumlarının ödənişsiz əsasda bu məlumatlara çıxışları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti